Düylün kənd sakinlərinin müraciətləri dinlənilib

       22 oktyabr 2024-cü il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Düylün kəndində səyyar qəbul keçirilib. Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və sakinlər iştirak ediblər.

       Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini yad etmək üçün qəbul iştirakçılarını bir dəqiqəlik sükuta dəvət edib. İcra Başçısı 44 günlük Vətən Müharibəsinin və antiterror əməliyyatlarının unudulmaz və şərəfli bir tarix olduğunu vurğulayıb, müharibə nəticəsində Azərbaycan Respublikasının konstitusion hüquqlarının və suverenliyinin bərpa olunduğunu, ölkəmizin beynəlxalq imicinin daha da möhkəmləndiyini qeyd edib. Eləcə də azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin görüldüyü nəzərə çatdırılıb.

       Qəbul zamanı ölkə daxilində həyata keçirilən islahatlara da toxunulub.  Naxçıvan Muxtar Respublikasında yaradılan Prezidentin səlahiyyətli nümayəndəliyi institunun yeni və müasir idarəçilik sisteminin formalaşması və daha da möhkəmlənməsində mühim rol oynadığı bildirilib. 2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” haqqında söhbət açan İcra başçısı,  bu proqramın tərkib hissəsi olan “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın həyata keçirilməsi ilə muxtar respublikanın bütün bölgələrinin, xüsusilə də Ordubadın timsalında yeni inkişaf mənzərəsinin müşahidə olunacağını qeyd edib. Artıq proqramda nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı işlərə başlandığı, baramaçılığın pilot layihə kimi tətbiq olunaraq müsbət nəticə ilə yekunlaşdığı yerli sakinlərin diqqətinə çatdırılıb. Perspektivdə ipəkçilik və konserv məhsullarının istehsal olunacağı müəssisələrin yaradılmasının nəzərdə tutulduğu, bununla bağlı xammal bazasının yaradılması istiqamətində mühim işlərin görüldüyü barədə məlumat verilib.

 Daha sonra Düylün kənd sakinlərinin ümumi problemləri müzakirə edilib, vətəndaşların məscid yolunun asfaltlanması, mərasim evinin tikilməsi, heyvandarlıqla bağlı tədarük məntəqələrinin yaradılması, məşğulluq, sosial yardım və sair problemlərlə bağlı  səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlar verilib.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli kəndə səfəri çərçivəsində ərazidə olan kənd ağsaqqalları ilə də görüşüb, onların problemlərini, eləcə də fikir və təkliflərini dinləyib. Həmçinin kənd ərazisində tikilməkdə olan Şəhidlər abidəsinə baxış keçirib, son tamamlanma işləri ilə maraqlanıb.

  Kənd sakinləri rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.