
Ölkəmizin müdafiəsi, ərazi bütövlüyünün qorunması uğrunda şəhidlik zirvəsinə ucalan Qədimov Pənah Salman oğlunun mövludu ilə əlaqədar Düylün kəndində anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, məktəb kollektivi, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidimizin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, iştirakçıların çıxışları dinlənilib. Məktəblilər şəhidimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirib.
Çıxışlarda qeyd olunub ki, anım günlərinin keçirilməsi Şəhid adlarının əbədiləşdirilməsinə, onların xatirəsinin hər zaman yad edilməsinə xidmət edir. Bu da ölkə rəhbəri tərəfindən şəhid ailələrinə göstərilən qayğının təzahürüdür. Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, məişət problemlərinin aradan qaldırılması sahəsində verdiyi Sərəncamlar bu qəbildən olan ailələrə dövlətimizin mənəvi dəstəyini ifadə edir. Şanlı Zəfər tarixini Azərbaycan xalqına yaşadan, vətənimizin müdafiəsi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirələrinin hər zaman hörmət və ehtiramla yad ediləcəyi vurğulanıb.



