Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, hüquq və mühafizə orqanlarının rəhbər şəxsləri, İcra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk olaraq şəhidimizin məzarı üzərinə gül dəstələri düzülüb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar tilavət olunub.
Çıxışlarda şəhidimizin həyatı və döyüş yolundan bəhs edilib, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, xalqımızın birliyi və hərbçilərimizin qəhrəmanlığı sayəsində düşmən tapdağı altında qalan ərazilərimizin tamamilə azad edildiyi qeyd olunaraq vətənin müdafiəsi, bölünməzliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman vətən övladlarının xatirəsinin əbədi olaraq qəlbimizdə yaşayacağı vurğulanıb. Ölkə başçısının tapşırığı əsasında şəhid ailələri və müharibə iştirakçılarına qarşı mütəmadi olaraq diqqət və qayğının göstərildiyi, onların qarşılaşdığı bütün növ problemlərin yerindəcə aradan qaldırılması üçün əməli addımların atıldığı qeyd olunub.
Məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.