Fizika İnstitutunun bir qrup əməkdaşı Ordubad rayonuna səfər edib

         İyun ayının 7-si Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktoru Arif Həşimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ordubad Rayon İcra Hakimiyyəti başçısı ilə görüşü keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Ordubad rayonunun tarixi, mədəniyyəti, adət-ənənələri haqqında ümumi məlumat verib. Cənab Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamını diqqətə çatdırıb. Eyni zamanda muxtar respublikanın hərtərəfli inkişafına hesablanaraq qəbul olunan “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”ndan bəhs edərək qarşıdakı illərdə Ordubad rayonunda görüləcək işləri, həyata keçiriləcək layihələri vurğulayıb. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə rayonda geniş miqyaslı quruculuq tədbirlərinin daha da sürətləndiriləcəyini, yeni fəaliyyət sahələrinin yaradılacağını, qədim ornamentləri saxlanılmaqla tarixiliyin və müasirliyin vəhətində gözəl şəhər görünüşü alacağını bildirib.

    Qonaqlar səmimi qəbula görə öz minnətdarlıqlarını bildirib, daha sonra Ordubad rayonu ilə əyani şəkildə tanış olmaq üçün rayonun bir sıra tarixi yerlərini, muzeyləri ziyarət ediblər.