Ordubad Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə “Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzusunda tədbir keçirilib. Rayon gənclərinin iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadiqov, Məhəmməd Tağı Sidqi adına şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Rza Abuzərov çıxış ediblər.
Çıxışlarda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan ətraflı bəhs edilib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının bir təzahürüdür ki, fevral ayının 2-si respublikamızda Azərbaycan Gəncləri Günü elan olunub və 1997-ci ildən bəri hər il ölkəmizdə geniş şəkildə qeyd olunur.
Natiqlər Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev tərəfindən Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, sosial problemlərinin həlli istiqamətində böyük işlərdən danışaraq, 2007-ci ilin “Gənclər İli” elan edilməsinin, 2011-ci ildə dövlət başçısının Sərəncamı ilə “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın təsdiq edilməsinin, Gənclər Fondunun yaradılmasının ölkə tarixində əlamətdar hadisələr olduğunu vurğulayıblar.
Çıxış edənlər hər zaman gənclərə dəstək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyətini xüsusi vurğulayaraq, Heydər Əliyev Fondunun ölkəmizin tarixinin, mədəniyyətinin və Azərbaycandakı nailiyyətlərin dünya miqyasında tanınmasında, təbliğindəki böyük rolundan bəhs ediblər.
Azərbaycan gəncliyinin gözlərini qırpmadan döyüş meydanlarına atılaraq 44 günlük Vətən müharibəsi dövründə düşmənə heç bir zaman unutmayacağı dərs verdiklərindən, onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından, xalqımızın 30 illik həsrətdən sonra tarixi torpaqlarına qovuşmasından danışaraq, bu gün də hər bir Azərbaycan gəncinin Ulu Öndər Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalı olduğunu bildiriblər. Çünki bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir.