17 aprel 1994-cü il tarixdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı Goranboy rayonunun Talış kəndində şəhidlik zirvəsinə ucalan Hüseynov Ceyhun Tahir oğlunun doğum günü ilə əlaqədar dəfn olunduğu Gənzə kəndində tədbir keçirilib, məzarı ziyarət olunub. 22 yanvar 2025-ci ildə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Səfərbərlik Xidmətinin, Polis şöbəsinin əməkdaşları, müharibə iştirakçıları, Gənzə kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə çıxışlar dinlənilib, şəhidimizin ruhuna dualar oxunub.
Çıxış edənlər Azərbaycanın ərazi bütövlüyünün qorunması, tarixi torpaqlarımızın işğaldan azad edilərək suverenliyimizin tam bərpa olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsinin hər zaman böyük ehtiramla yad edildiyindən bəhs ediblər. Şəhidimizin həyatı və döyüş yolu barədə geniş məlumat verilib, onun bütün gənclər üçün vətənpərvərlik, qəhrəmanlıq nümunəsi olduğu, xatirəsinin əbədi olaraq qəlblərdə yaşayacağı xüsusi olaraq vurğulanıb.
Tədbirin sonunda Gənzə kənd tam orta məktəbinin şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.