Gənzə kəndində vətəndaş müraciətləri dinlənildi

         20 may 2025-ci il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Gənzə kəndində səyyar qəbul keçirilib. Vətəndaş məmnunluğunun təmin olunması və mövcud problemlərin yerində həll edilməsi məqsədilə təşkil olunan görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Çingiz Əliyev, rayon icra hakimiyyətinin məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlardan və əldə olunmuş mühüm nailiyyətlərdən bəhs edib. O, dünyada baş verən geosiyasi proseslərə toxunaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın diplomatik arenada yürütdüyü uğurlu xarici siyasət kursunun əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, dövlət başçısının 2025-ci ilin may ayında keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə Toplantısının açılış plenar sessiyasında iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun və Prezident İlham Əliyevin liderliyinin dünya miqyasında yüksək dəyərləndirildiyini bir daha nümayiş etdirib.

Görüşdə, həmçinin bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə və 2023-cü ildə keçirilmiş lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunub. Uzun illər ərzində erməni vandalizminə məruz qalmış Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qeyd olunub ki, bu tarixi Zəfər Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmış, ölkəmizi regionda sülhün və təhlükəsizliyin əsas təminatçısına çevirmişdir.

İcra başçısı ölkəmizin türk dünyası ilə əlaqələrinə də toxunaraq Prezident İlham Əliyevin “Bizim türk dünyasından başqa ailəmiz yoxdur” bəyanatını xatırladıb və Azərbaycanın Türk dünyası ilə əməkdaşlığının prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb. Eyni zamanda Zəngəzur dəhlizinin strateji əhəmiyyətini vurğulayaraq, bu dəhlizin regionun iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına verəcəyi töhfələri qeyd edib. Bildirilib ki, bu dəhliz təkcə türk dünyasını deyil, həm də Avropa və Asiya qitələrini birləşdirən mühüm nəqliyyat və kommunikasiya xəttidir. Layihənin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasının, xüsusilə də dəhlizin əsas giriş qapısı olan Ordubad rayonunun sosial-iqtisadi inkişafına güclü təkan verəcəkdir.

“2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” barədə ətraflı məlumat verən icra başçısı bildirib ki, 2025-ci ildən etibarən proqramda nəzərdə tutulan tədbirlərin icrası daha da sürətləndirilib. Kənd sakinlərinin diqqətinə çatdırılıb ki, yaxın perspektivdə bu proqram çərçivəsində mədən sənayesinin dirçəldilməsi, yol və su infrastrukturunun yenilənməsi, intensiv meyvə bağlarının salınması, ipəkçilik və baramaçılığın inkişafı, eləcə də Ordubadın gələcəkdə əsas turizm mərkəzlərindən birinə çevrilməsi istiqamətində mühüm layihələrin icrası həyata keçiriləcəkdir.

Daha sonra sakinlərlə kəndin mövcud problemləri müzakirə olunub. Onların məşğulluq, elektrik, içməli və suvarma suyu ilə təminat, həyətyanı sahəyə yol çəkilişi, yol infrastrukturunun yenilənməsi, sosial yardım, zərərverici heyvanlara qarşı mübarizə və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, məsul şəxslərin iştirakı ilə yerində araşdırılıb və həlli üçün konkret tədbirlər müəyyənləşdirilib. Həlli müəyyən vaxt tələb edən məsələlər nəzarətə götürülərək aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Sakinlər yaradılmış əlverişli şəraitdən razı qaldıqlarını bildirərək müraciətlərinə diqqətlə yanaşıldığına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.