Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən 11 oktyabr 2024-cü il tarixində Gənzə kəndində səyyar qəbul keçirilib. Görüşdə İcra Hakimiyyətinin əməkdaşları, rayonun idarə və müəssisə rəhbərləri, kənd icra nümayəndəsi və yerli sakinlər iştirak ediblər.
İcra başçısı çıxışına Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Ardınca 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilən antiterror əməliyyatlarından bəhs edilərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun qazandığı qələbələr xatırlanıb, Azərbaycanın beynəlxalq nüfuzunun bu uğurlarla daha da möhkəmləndiyi qeyd edilib. Qəbul zamanı həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri barədə də məlumat verilib. Azad olunmuş ərazilərdə bir çox sosial obyektlərin, o cümlədən Qarabağ Universitetinin istifadəyə verildiyi və Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin öz yurdlarına geri döndüyü bildirilib.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxışında ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü dövlət siyasətinə də toxunaraq, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institunun yaradılması ilə yeni və müasir idarəetmə metodlarının tətbiq edildiyini qeyd edib. O, həmçinin "2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Ordubad rayonunda həyata keçirilən layihələrdən də söhbət açıb. Rayonun bəzi kəndlərində yol infrastrukturunun yenidən qurulması və digər mühim əhəmiyyətli inşaat işlərinin görüldüyünü diqqətə çatdırıb. İpəkçiliyin inkişafı ilə bağlı pilot layihələrin müsbət nəticə verdiyini və xammal bazasının formalaşdırıldığını vurğulayan icra başçısı, yaxın gələcəkdə ipəkçiliklə yanaşı digər ənənəvi sahələrin yenidən canlanacağını ifadə edib.
Görüş zamanı Prezident İlham Əliyevin "Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğu”nun yaradılması haqqında sərəncamına əsasən rayon ərazisində kompleks işlərin başladığı, şəhərin baş planının hazırlandığı və yeni hotelin inşası üçün işlərə start verildiyi bildirilib. Tarixi məkanların bərpası, o cümlədən Ərbabın evi, Sərşəhər məscidi və Mədrəsə binasının restavrasiyasının da yaxın perspektivdə həyata keçiriləcəyi nəzərə çatdırılıb. Eləcə də, Azərbaycanın bu il COP29 kimi qlobal miqyaslı bir tədbirə ev sahibliyi etməsi, ölkə Prezidenti cənab İlham Əliyev liderliyində beynəlxalq müstəvidə qazandığımız uğurların bir göstəricisi kimi vurğulanıb.
Daha sonra kənd əhalisi ilə ümumi problemlər müzakirə edilib, yol infastruktrunun yenidən qurulması, meliorativ problemlərin aradan qaldırılması, qəzalı vəziyyətdə olan yol sahəsinin bərpası, hərəkət məhdudiyyətinə yol açan qaz borusunun yerinin dəyişdirilməsi və digər problemlər ilə bağlı səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Kənd sakinləri rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.