Bugün Ordubad rayonuna yağan güclü yağış nəticəsində Tivi kənd avtomobil yoluna sel gəlib. Sel sularının yolları yuması və özü ilə bərabər lil, kiçik qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurması nəticəsində bəzi hissələr yararsız hala düşüb. Nəticədə Tivi kəndi ilə qonşu yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq dayandırılıb.
Təxirəsalınmaz tədbirlər çərçivəsində əraziyə müvafiq qurumun texnika və canlı qüvvəsi cəlb edilib. Əlavə təhlükəsizlik tədbirləri görülərək qısa müddət ərzində hərəkətin fasiləsizliyi təmin olunub, torpaq və daş kütləsi yoldan təmizlənib. Hazırda yolun zədələnmiş hissəsində bərpa və möhkəmləndirmə işləri görülür.