Hər il dekabrın 12-də Azərbaycan xalqı öz böyük oğlu, müasir dövlətçiliyimizin qurucusu, Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla anır. Bu gün təkcə bir liderin deyil, həm də xalqın taleyində əvəzsiz rol oynamış bir şəxsiyyətin həyat və fəaliyyətinə ehtiramın ifadəsidir. Heydər Əliyev Azərbaycanın müstəqillik tarixində, dövlətçilik ənənələrində və milli ruhunda silinməz iz buraxmış, xalqımızın tərəqqisi naminə yorulmadan çalışan dahi lider olmuşdur. Heydər Əliyevin fəaliyyəti və ideyaları yalnız Azərbaycanda deyil, bütün dünyada nümunəvi liderlik və müdrik dövlətçilik örnəyi kimi qəbul olunur. Onun həyatı dərin dövlətçilik təcrübəsi, xalqına olan sonsuz sevgisi və xidmətləri ilə zəngin idi. Heydər Əliyev nəinki Azərbaycanın çətin günlərində xilaskar rolunu oynadı, həm də ölkəmizi parlaq gələcəyə aparan yolu müəyyənləşdirdi.
Ulu Öndər Heydər Əliyev xalqının mənafeyini hər şeydən üstün tutan lider idi. 1969-cu ildə Azərbaycana rəhbər təyin edildiyi ilk gündən ölkəmizin iqtisadi, sosial və mədəni inkişafı üçün mühüm islahatlar həyata keçirildi. Onun müdrik və uzaqgörən siyasəti nəticəsində sənaye, kənd təsərrüfatı, təhsil və elm sahələrində böyük irəliləyişlər əldə edildi. Azərbaycan SSR İttifaq daxilində ən inkişaf etmiş respublikalardan birinə çevrildi.
Müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi mürəkkəb vəziyyət Heydər Əliyevin liderliyinə olan ehtiyacı daha da artırdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər ölkədəki siyasi xaosu və iqtisadi böhranı aradan qaldıraraq sabitlik və inkişaf dövrünü başlatdı. O, müstəqil Azərbaycanın dayaqlarını möhkəmləndirərək ölkəni beynəlxalq aləmdə layiqli yerə çıxardı. Ümummilli Lider Heydər Əliyev milli həmrəyliyin və birliyin təmin edilməsinə xüsusi önəm verirdi. Onun təşəbbüsü ilə dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlılar arasında əlaqələr möhkəmləndirildi və Azərbaycanın beynəlxalq diasporu formalaşdı. Bu gün dünya azərbaycanlılarının həmrəyliyi Heydər Əliyev ideyalarının nəticəsidir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanı beynəlxalq arenada layiqli mövqeyə çıxarmaq üçün böyük səylər göstərdi. O, neft strategiyasını formalaşdıraraq Azərbaycanın təbii sərvətlərindən düzgün istifadə edilməsinə şərait yaratdı. "Əsrin müqaviləsi" kimi tanınan tarixi neft sazişi məhz onun liderliyi sayəsində reallaşdı. Bu müqavilə ölkənin iqtisadi inkişafını təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Məhz onun təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri və beynəlxalq tədbirlər Azərbaycanın siyasi, iqtisadi və mədəni mərkəzə çevrilməsinə səbəb oldu. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən bu addımlar Azərbaycanı regionun lider dövlətinə çevirdi.
Ulu Öndər xalqın milli-mənəvi dəyərlərinə xüsusi diqqət yetirirdi. Onun təşəbbüsü ilə Azərbaycan dili dövlət dili statusunu qazandı və dilimizin inkişafı üçün geniş imkanlar yaradıldı. Mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində çalışan şəxslər Heydər Əliyevin daim diqqət və qayğısını daim hiss edirdilər. Onun təşəbbüsü ilə Azərbaycanın tarixi və mədəni irsi dünya miqyasında təbliğ olundu, Qarabağ həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırıldı. Dahi Şəxsiyyət Heydər Əliyevin təhsilə və gənclərə göstərdiyi diqqət də gələcəyin inkişafı üçün əvəzsiz bir mirasdır. O, hər zaman gənc nəslin savadlı, vətənpərvər və milli ruhda yetişməsini vacib sayırdı. Bu gün müstəqil Azərbaycanın dinamik və bacarıqlı gəncliyi məhz onun strategiyasının nəticəsidir.
Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi irsi onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu dövlətçilik ənənələrini davam etdirərək Azərbaycanı yeni zirvələrə yüksəltmiş, işğaldan azad edilən torpaqlarımızda dirçəliş dövrünü başlatmışdır. Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaq!" kəlamı artıq gerçəkliyə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq. O, təkcə öz dövrünün deyil, bütün zamanların görkəmli şəxsiyyətlərindən biri kimi tarixə düşmüşdür. Onun ideyaları və fəaliyyəti hər zaman xalqımıza yol göstərəcək, vətənimizin inkişafına işıq saçacaqdır.