Xalqımız Azərbaycan dövlətçilik tarixində Tomris ana, Sara xatun, Möminə xatun, Zərifə Əliyeva və digər onlarla görkəmli qadın şəxsiyyətlər yetişdirmişdir. Onlardan biri də müstəqil Azərbaycanımızda şəfqət və insansevərlik prinsipləri ilə dərin izlər qoymuş Mehriban xanım Əliyevadır. Azərbaycanın Birinci Vitse-prezidenti, İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsisçisi və Heydər Əliyev Fondunun rəhbəri kimi vəzifələrin məsuliyyətini üzərində daşıyan Mehriban Əliyeva təkcə regionda deyil, qlobal səviyyədə tanınan və reputasiyası yüksək fenomen şəxsiyyətə çevrilib.
Mehriban Əliyevanın sevilən və dərin hörmət bəslənən personası türk dünyası ilə əlaqələrimizə də öz müsbət təsirini göstərir. Doğum tarixi olan 26 avqustun türk dünyası üçün möhtəşəm “Malazgird zəfəri” ilə üst-üstə düşməsi də tarixin maraqlı təsadüflərindən hesab oluna bilər. 26 avqust 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gələn Mehriban Əliyeva həm də görkəmli elm fədaisi Mir Cəlal Paşayevin nəvəsi, professor Arif Paşayev və Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor qadın Aida İmanquliyevanın qızıdır. Məhz ailəcənab və nəcib bir ailənin əhatəsində boya-başa çatmaq Mehriban Əliyevanın həyat fəaliyyətində humanizm dəyərlərinin yüksək səviyyədə əks olunmasına birbaşa təsirini göstərmişdir.
1982-ci ildə orta məktəbi qızıl medalla bitirən Mehriban Əliyeva Azərbaycan Tibb İnstitunun müalicə-profilaktika fakultəsinə daxil olub. 1988-ci ildə isə Moskva Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirərərək Göz Xəstəlikləri Elmi Tədqiqat institunda işləyib. Daim öz üzərində işləyən və yeniliklərə can atan Mehriban Əliyeva 2005-ci ildə "Evtanaziya və təbabətdə humanizm problemi" mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
Mehriban Əliyevanın aktiv ictimai fəaliyyəti isə 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan-İrs" jurnalını təsis edib. Azərbaycan idmanının tanıdılması və bayrağımızın yüksəklərdə dalğalanması üçün əməli fəaliyyətini əsirgəməyən Mehriban Əliyeva 2002-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyasına yeni bir canlanma və inkişaf dinamikası gətirib. Ölkə, qitə, və dünya çempionatlarında uğurla çıxış edən bədii gimnastlarımız Parisdə keçirilən son olimpiya oyunlarında 5-ci yeri əldə edərək Azərbaycan tarixində ən yüksək nəticəni qazanıblar. Sözsüz ki bu uğurun arxasında Mehriban Əliyevanın gənc idmançılara olan diqqət və qayğısı əsas yer tutur.
Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədilə yaradılmış Heydər Əliyev Fondunun prezidenti olan Mehriban Əliyeva bu sahədə müsbət addımları ilə yadda qalıb. Məqsədi milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarət olan Heydər Əliyev Fondu müxtəlif layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihə və proqramlar ölkə xaricində də geniş rəğbət qazanmışdır. Fond tərəfindən Azərbaycanın xaricdə tanıdılması məqsədilə mədəni-memarlıq abidələri təmir edilib, müxtəlif humanitar məqsədli fəaliyyətlər icra olunub. Bu addımların müsbət nəticəsini isə son 44 günlük zəfər zamanı Azərbaycana qarşı olan tənqidi ritorika və təzyiqlərin həddindən artıq aşağı səviyyədə olmasında əyani şəkildə görə bildik.
Azərbaycanın ictimai-siyasi həyatında xüsusi rolu olan Mehriban Əliyeva 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva yüksək seçici səsi toplayaraq deputat seçilib. Millət vəkilliyi dönəmində daim öz seçicilərinin problem və çatışmazlıqlarının həllinə çalışan Mehriban Əliyeva, göstərdiyi fəaliyyətə görə böyük sevgi və rəğbətə layiq görülüb.
2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilən Mehriban Əliyeva həm də Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib və YAP Sədrinin birinci müavini təyin edilib.
Uzun müddət UNESCO-nun xoşməramlı səfiri kimi humanitar fəaliyyət göstərən Mehriban Əliyeva 2022-ci ildə bu qurumun anti-Azərbaycan siyasətinə etiraz olaraq öz fəaliyyətinə xitam verib. Mehriban Əliyeva müxtəlif ölkələrin ən yüksək mükafatlarına, orden və medallara layiq görülüb. Onun tərəfindən xüsusən Şəhid ailələri və müharibə iştirakçılarına ayrılan diqqət Azərbaycan ictimai həyatında böyük sevgi ilə qarşılanıb. Ölkə Prezidenti cənab İlham Əliyev liderliyində Azərbaycanın tərəqqisində, həmçinin Azərbaycanda dövlət idarəçiliyində perspektivli və intellektual kadların formalaşdırılması, onların yüksək performansından düzgün şəkildə istifadə edilməsində Mehriban xanım Əliyevanın da xüsusi rolu vardır. Əminliklə demək olar ki, bu gün olduğu kimi, gələcəkdə də Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçıları olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yanında olacaq, onlara öz dəstəyini əsirgəməyəcəkdir.