İcra başçısının səyyar qəbulunun növbəti ünvanı Parağa kəndi olub

      Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli növbəti dəfə Parağa kənd sakinlərinin müraciətlərini dinləyib. 23 iyul 2024-cü il tarixdə keçirilən görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri  iştirak ediblər.

       İcra başçısı Parağa sakinlərini salamlayaraq bildirib ki, vətəndaş məmnuniyyətinin təmin edilməsi və əhalinin mövcud problemlərinin yerində öyrənilməsi məqsədilə keçirilən səyyari görüşlər, effektiv dövlət idarəçiliyinin prinsip və şərtlərinə uyğun olaraq həyata keçirilir. Qeyd olunub ki, bu gün Azərbaycanda ictimai-siyasi və sosial-iqtisadi islahatların mərkəzində məhz insan amili durur. Dövlətimiz siyasi arenada böyük nüfuz qazanıb. Beynəlxalq tədbirlərə müntəzəm olaraq ev sahibliyi edərək etibarlı tərəfdaş ünvanını əldə edib.

       Görüş zamanı ölkə daxilində həyata keçirilən modern islahatlara da toxunularaq Naxçıvan Muxtar Respublikasında yaradılan Prezidentin səlahiyyətli nümayəndəliyi institunun müasir yanaşma və metodları tətbiq etməklə vətəndaş-məmur münasibətlərinin daha da möhkəmlənməsinə zəmin yaratdığı bildirilib. 2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında söhbət açan İcra başçısı,  bu proqramın tərkib hissəsi olan “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın həyata keçirilməsi ilə muxtar respublikanın bütün bölgələrinin, xüsusilə də Ordubadın timsalında yeni inkişaf mənzərəsinin müşahidə olunacağını qeyd edib. Artıq proqramda nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı işlərə başlandığı, baramaçılığın pilot layihə kimi tətbiq olunaraq müsbət nəticə ilə yekunlaşdığı yerli sakinlərin diqqətinə çatdırılıb. Perspektivdə xalçaçılıq-ipəkçilik və konserv məhsullarının istehsal olunacağı müəssisələrin yaradılmasının nəzərdə tutulduğu barədə məlumat verilib.

       Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli, Parağa kəndində Qərbi Azərbaycan əsilli vətəndaşların kompakt şəkildə yaşadığını xüsusi qeyd edərək, Zəngəzur dəhlizinin önündəki əngəllərin qaldırılması ilə sakinlərin didərgin düşdükləri ərazilərə yenidən qayıdışının tezliklə reallaşacağını ifadə edib. Dövlət başçısı tərəfindən ölkəmizin “Böyük Türk Dünyası” ailəsinə inteqrasiyası yönündə qətiyyətli addımlar atdığı, xarici siyasətimizin türk dövlətləri ilə münasibətlərin daha da möhkəmləndirilməsi prioriteti üzərində qurulduğu vurğulanıb.

      “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli Sərəncamı ilə gələcəkdə rayonun bölgədə əsas turizm mərkəzlərindən birinə çevriləcəyi, bu məqsədlə də ilk olaraq yeni Hotel tikintisinin başlanmasının nəzərdə tutulduğu bildirilib. Şəhərin baş planına uyğun olaraq tarixi əhəmiyyətli “Sərşəhər” məhəlləsinin, “Mədrəsə” binasının və “Ərbabın evi” adlanan qədim tikilinin hərtərəfli restavrasiya olunacağı da vətəndaşların nəzərinə çatdırılıb.  

 Yekunda Parağa kənd sakinlərinin ümumi problemləri müzakirə edilib, vətəndaşların arzu və təklifləri dinlənilib, su-drenaj, körpü salınması, hüquqi torpaq sənədlərinə düzəlişlərin edilməsi, kəndin kənarında yerləşən məhsuldar torpaqlara yol çəkilişi, bəzi yolayrıcı sahələrə məlumat nişanlarının yerləşdirilməsi və sair istiqamətlər üzrə  səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

  Vətəndaşlar rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.