İyun ayının 7-də Ordubad Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Ordubad Rayon Bölməsinin, rayon Prokurorluğunun, Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Əkbər Ağayev adına Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib. Ordubad şəhərindəki tam orta məktəblərin şagirdlərinin iştirak etdikləri maarifləndirici tədbir çağıraşaqədər yaşlı uşaqların hüquqlarına həsr olunub.
Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Əli Heydərov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən hər il ölkəmizdə 18 iyun tarixinin İnsan Hüquqları Günü kimi qeyd olunduğundan, insan hüquqlarının səmərəli müdafiəsi və təşviqinə nail olmaq məqsədilə hər il 18 may – 18 iyun tarixlərinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “İnsan Hüquqları Aylığı” elan olunduğundan, muxtar respublikada bütün aidiyyatı qurumlar kimi, Ordubad rayonunun aidiyyatı dövlət orqanlarının da “İnsan Hüquqları Aylığı”na qoşulduğundan, insan hüquqlarının müxtəlif aspektləri üzrə maarifləndirmə, təşviqat işlərinin aparıldığından, həmin məqsədlə keçirilən buğünkü tədbirin məqsəd və məramından, əhəmiyyətindən bəhs edib.
Sonra mövzu ətrafında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Ordubad Rayon Bölməsinin rəisi vəzifəsini icra edən Turan Fərzəlisoy, Ordubad Rayon prokurorunun köməkçisi Fərid Orucəliyev çıxış edərək hərbi çağırışaqədər yaşlı uşaqların hüquqlarından, onlar üzərinə düşən vəzifələrdən, öhdəlik və məsuliyyətdən ətraflı məlumat veriblər.
Sonda şagirdləri maraqlandıran suallar təşkilatçı qurumların nümayəndələri tərəfindən cavablandırılıb.