Noyabr ayının 15-də Ordubad Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Məhəmməd Füzuli adına Ordubad şəhər İnternat tam orta məktəbdə “Uşaq hüquqlarını qoruyaq” mövzusunda tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Abbas Məmmədli, rayon Təhsil Şöbəsinin əməkdaşı Sevinc Süleymanlı, internat tam orta məktəbin direktoru Məzahir Xəlilov çıxış ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri ölkəmizdə “Uşaq hüquqları aylığı” elan edilir. Çünki uşaq hüquqları dünyada insan hüquqları sahəsində ən aktual mövzulardan biridir. Uşaqların hüquq və azadlıqlarının təmin olunması onların rifahı və normal inkişafı üçün mühüm amildir. Yalnız ailədə və cəmiyyətdə hərtərəfli müdafiə və qayğı ilə əhatə olunan uşaq gələcəyin layiqli və vətəninə sadiq vətəndaşı kimi yetişə bilər. Ölkənin inkişafı ilə uşaqların inkişafı arasında sıx əlaqə mövcuddur. Uşaqlar bizim nəsillərimizin davamçısı deyil, onlar həm də dövlətimizin, cəmiyyətimizin firavan gələcəyinin təminatçılarıdır.
Çıxışlardan sonra tədbir diskusiya şəklində davam edib, uşaqları maraqlandıran suallar cavablandırılıb.