İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın qlobal liderliyi

     2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanın paytaxtı Bakıda keçirilməsi qərarı, ölkəmizin beynəlxalq arenada artan nüfuzunun və qlobal problemlərin həllində fəal iştirakının bariz nümunəsidir. Bu tədbir, iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığın gücləndirilməsi, dayanıqlı inkişafın təşviqi və Azərbaycanın bu istiqamətdəki səylərinin dünyaya nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdirAzərbaycan, Cənubi Qafqaz regionunda dayanıqlı inkişaf və ekoloji problemlərin həlli ilə bağlı mühüm təşəbbüslərin irəli sürülməsi və tətbiqində lider mövqeyə sahibdir. Belə bir beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın bu liderliyini daha da möhkəmləndirir.

       COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu diplomatik əlaqələrinin və qlobal proseslərdə fəallığının nəticəsidir. Tədbir, həmçinin Azərbaycanın müasir, inkişaf edən və qlobal problemlərin həllinə töhfə verən bir ölkə imicini daha da gücləndirir və "yaşıl iqtisadiyyat" sahəsində təşəbbüsləri ilə ölkəmizin qlobal iqlim gündəmində əhəmiyyətli bir iştirakçı kimi qəbul edilməsinə şərait yaradır. COP29-un Azərbaycanda keçirilməsi, ölkənin beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi, ekoloji problemlərin həlli üzrə milli və qlobal səylərin birləşdirilməsi baxımından əhəmiyyətli hadisədir.

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mötəbər tədbir haqqında demişdir:–“COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq.  Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”.

       “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.

       “Biz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm”

        “Azərbaycan uğurlu nəticəyə əvvəlcədən də əmin idi. Ölkəmiz Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib” Tədbir ərzində həmçinin “Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə”,  COP29 Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsi”, “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi”, “İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi” də imzalanmışdır ki, bu da konfransın işinin yüksək səviyyədə təşkil edildiyinin bariz nümunələrindən biri sayılır. Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində 80 dövlət və hökumət başçısı və vitse-prezidentlər Paris Sazişinin irəlilədilməsini və iqlim tədbirlərinə öhdəlik götürmələrini, çoxtərəfli İnkişaf Bankları (MDB-lər) 2030-cu ilə qədər iqlim tədbirlərinə illik 170 milyard ABŞ dolları töhfə verməyi, bunun 120 milyard ABŞ dollarının aşağı və orta gəlirli ölkələrə yönəldiləcəyini açıqlayıblar. Eləcə də ABŞ, Çin, Aİ, BƏƏ, Böyük Britaniya, Braziliya, Kanada və Nigeriya daxil olmaqla, ölkələr bir araya gələrək və orqanik tullantılardan metanın azaldılmasına yönəlmiş siyasət qəbul etmişdirlər.

       Tədbir haqqında Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden də müsbət fikirlərini bildirib:– Bu nəticənin əldə edilməsində əməyi olan tərəfləri və COP29-un sədrliyini təbrik edirəm. Qarşıda iqlim hədəflərimizə çatmaq üçün hələ çox iş var. Lakin bu gün əldə edilən nəticə bizi məqsədimizə doğru daha bir əhəmiyyətli addım yaxınlaşdırır. Amerika xalqı və gələcək nəsillər adından biz planetimizi daha təmiz, daha təhlükəsiz və sağlam etmək üçün işimizi sürətləndirməliyik. COP29 Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi. Tədbirin yekun nəticələri, yeni iqlim təşəbbüsləri və onların dünya ölkələrinə təsiri geniş müzakirələrə səbəb olub. Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdü”

         COP29 sədrliyi dövründə Azərbaycan beynəlxalq tədbiri son dərəcə yüksək səviyyədə keçirərək nəticədə önəmli qərarların alınmasına nail oldu. Bu müddət ərzində 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Bütün qeyd olunanlar COP29 kimi məsuliyyət yükü çox olan və dünyamiqyaslı tədbirin keçirilməsini Ölkə Prezidenti cənab İlham Əliyev rəhbərliyində Azərbaycan diplomatiyasının möhtəşəm uğuru kimi səciyyələndirilə bilər.