
Ölkəmiz 2025-ci ilin 19-21 iyul tarixləri aralığında dünyanın müxtəlif ölkələrindən gəlmiş yüzlərlə nüfuzlu media nümayəndəsinin toplaşdığı III Şuşa Qlobal Media Forumuna növbəti dəfə ev sahibliyi etdi. Forumda Prezident İlham Əliyevin iştirakı və geniş çıxışı, tədbirin əsas hadisəsi kimi yadda qaldı. Dövlət başçısının hər bir fikri təkcə ölkə reallıqlarını deyil, həm də qlobal media mühitində baş verən proseslərə Azərbaycan prizmasından verilmiş dəyərli töhfə idi. Prezident İlham Əliyev çıxışında medianın ictimai rəyə təsir imkanlarını və dövlətlərarası münasibətlərə, xüsusən də sülh proseslərinə necə təsir etdiyini dərin təhlil etdi. Dövlət başçısı çıxışında qeyd edib: – Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühim mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Bugünkü görüşü burada, yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında keçirmək qərarına gəldik. Beləliklə, əminəm ki, bura qonaqlar üçün maraqlı olacaq, yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq cəlbedici olacaq.
Prezident 2024-cü ildə ölkəmizdə keçirilən COP29 barədə də fikirlərini bölüşüb: – Ötən il 197 ölkənin iştirakı ilə keçirilmiş belə bir mühim iqlim dəyişmələri konfransında bütün dünyada çox böyük auditoriya var idi. Qeydiyyatdan keçmiş 77 min iştirakçı oldu. Qeyd etdiyim kimi, təxminən 200 ölkədən nümayəndə gəlmişdi. Onların sırasında 70 dövlət və hökumət başçısı var idi. Bu, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdi. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. Beləliklə, yaşıl gündəliyimiz həqiqətən çox genişdir. Azərbaycan ən az inkişaf etmiş ölkələrdə iqlim dəyişmələri məsələlərinin həlli üçün xüsusi fonda 10 milyon ABŞ dolları ayırdı. Lakin düşünürük ki, siz faydalı qazıntıları diqqətdən kənarda qoya bilməzsiniz. Eyni zamanda, anlayırıq ki, neft və qaz olmadan inkişafı, gələcəyimizi planlaşdırmaq, vətəndaşlarımız üçün lazımi şəraitləri təmin etmək mümkün olmayacaq. Bizim üçün çətin an və mürəkkəb müzakirələr oldu. Lakin düşünürəm ki, sədrliyimiz yaxşı anlaşmanı təmin etdi. Bir sözlə, öz rolumuzu Qlobal Cənub və Qlobal Şimal arasında körpü kimi gördük. Düşünürəm ki, bunun öhdəsindən gələ bildik;
Dövlət başçısı Özbəkistanla əlaqələrimizə də toxunub:- Qarabağın bərpası üçün ilk hədiyyəni Özbəkistan verib. Hörmətli Prezident Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzuli şəhərində özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik məktəb tikilib. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, Özbəkistan Prezidentinin səmimi qardaşlıq jesti, ərazilərin bərpasında Azərbaycana köməyidir. Qeyd etdiyiniz kimi, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının artıq burada, Xankəndidə Zirvə görüşü keçirilib. O görüş bu binada, yeni Konqres Mərkəzində keçirildi. Biz həmin Zirvə görüşünü məhz bu zalda keçirdik. Bunun böyük rəmzi mənası var idi. Çünki bu, həyatın buraya, o cümlədən Xankəndiyə geri qayıtdığını göstərir. Biz təşkilata üzv olan ölkələrin, həmçinin digər ölkələrin səkkiz dövlət və hökumət başçısının yüksək səviyyədə iştirakını Azərbaycana, torpaqlarımızın qaytarılmasından sonra və indi gördüyümüz işlərə, dağıdılanları yenidən həyata qaytarmağa verilən dəstək kimi qiymətləndiririk;
Prezident İlham Əliyev Zəngəzur dəhlizi haqqında qeyd edib: – Zəngəzur dəhlizinə gəlincə, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək. Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq. Bu dəmir yolunun Ermənistan hissəsinə gəlincə deməliyəm ki, sovet dövründə bu dəmir yolu Azərbaycan dəmir yolunun tərkib hissəsi olub. Ermənistanın dəmir yolu şəbəkəsinin qalan hissəsi ilə dəmir yolu əlaqəsi olmadığına görə ermənilərin dəmir yolu strukturuna daxil olmayıb. Bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir. Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq.
Prezident ölkəmizin daxili gündəliyi və regional inkişaf layihələri ilə bağlı da öz fikirlərini bildirib: - Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir. Daxili gündəliyimizə gəldikdə aydındır ki, Azərbaycan öz inkişafına hansı istiqamətdə davam edəcəkdir. Əsas prioritet faydalı qazıntı sahəsi ilə bağlı deyil. Burada IT, aparıcı texnologiyalar sektorunu qeyd etmək istəyirəm. Biz süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq edirik. Ancaq regional inkişafa və regional əməkdaşlığa gəldikdə bağlılıq layihələri prioritetdir və bu məsələ region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Xüsusilə də Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir.
Ənənəvi enerji infrastrukturu layihələrinə gəldikdə deyə bilərəm ki, biz bütün planlarımıza nail olmuşuq. Bəli, biz bilirik ki, bu gün Avropanın daha çox Azərbaycan qazına ehtiyacı var və biz bu həcmi artırmağa hazırıq. 2021-ci ildə bu həcm 8 milyard kubmetr idi. Bu gün 13 milyard kubmetrdir. Bu, bizim ümumi hasilatımızın və ixracımızın yarısıdır. Əlavə həcmlər üçün isə Avropa institutları ilə bağlı yenidən praqmatik yanaşma olmalıdır. Ukrayna ilə bağlı sualınıza gəlincə qeyd edim ki, bir neçə il əvvəl tədbirlərin birində Ukrayna nümayəndəsinin oxşar sualına cavab vermək imkanım olmuşdu. İndi verdiyim cavab ozamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük. Birinci Qarabağ müharibəsi dövrü çox çətin, faciəli idi – çoxsaylı qurbanlar, Xocalıda azərbaycanlıların soyqırımı. Yeri gəlmişkən, Xocalı buradan cəmi bir neçə kilometr məsafədədir. Münaqişə sonrası dövr də mənəvi və iqtisadi baxımdan az ağır deyildi. Bizim bir milyona yaxın insanımız var idi ki, onlar yaşamaq imkanlarından məhrum olmuşdular. Onlardan 700 min nəfəri Qarabağ regionundan idi, 250 min nəfəri isə Ermənistandakı azərbaycanlılar idi ki, oradan deportasiya olunmuşdular. O zaman bizim ölkəmizin əhalisi 8 milyon idi. Yəni bu, adambaşına düşən qaçqınların sayı baxımından ən yüksək göstəricilərdən biri idi.
Bizim beynəlxalq hüquqa əsaslanan arqumentlərimiz – BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən 4 qətnaməsi, Minsk qrupunun həmsədrlərinin bu qətnamələrə səs vermələri – bunların hamısı reallıqla barışmaq tələbini ehtiva edən təkəbbürlü bəyanatlar fonunda cavabsız qalırdı. Biz də qərar verdik ki, yeni reallıqlar yaradacağıq və siz onlarla barışmalı olacaqsınız. Elə də oldu. Biz yeni reallıqları 2020-ci ildə 44 gün ərzində yaratmağa başladıq. Onlar bununla barışmağa məcbur oldular. Daha sonra 2023-cü ilin sentyabrında bir gün ərzində. Bununla da barışmağa məcbur oldular. Milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir. Əlbəttə ki, hər kəs üçün vacibdir: öz maraqlarını nəzərə alanda qonşunun da maraqlarına baxmaq. Yəni, milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir, lakin regional və qlobal kontekstdən ayrılaraq bu amildən güclü sui-istifadə etmək olmaz. Həmişə vəziyyətə baxmaq lazımdır, vəziyyətə qonşunun prizmasından baxmağa çalışın. Onda çox şey aydınlaşır, belə olan halda anlaşılmazlığa səbəb olan bir çox məsələlər kifayət qədər səmərəli nizamlanır.
Biz istəyirik həyatımıza, torpağımıza anlayışla yanaşsınlar və biz Azərbaycan xalqının bizdən istədiyini edirik. Beləliklə, səmimi desək, biz Avropada ictimai rəyə təsir göstərmək səylərimizi də artıq kənara qoymuşuq. Biz bunun vaxt itkisi olduğunu düşünürük. Lakin ən yaxşı yol belə tədbirlərin keçirilməsidir. Burada jurnalistlər, media, 50-dən çox ölkədən liderlər toplaşıb və hər il auditoriya daha da böyüyür, yeni qonaqlar gəlir. Odur ki, ən yaxşı yol bizi tərifləmək deyil, ən yaxşı yol buraya gəlməyiniz və insanlarla danışmağınızdır. İnsanların mənim, hökumət, inkişaf haqqında nə düşündüklərini öyrənməkdir. Sonra yalnız bir şey lazım olacaq, auditoriyaya həqiqəti söyləmək. Düşünürəm ki, bu, qarşılıqlı anlaşmanı qat-qat yaxşılaşdıracaq. İndi biz özümüzə məxsus olanı qaytarmışıq və hamı bununla barışıb, bəli, mən ciddi ziddiyyətlər görmürəm.
Avropa İttifaqı ilə əməkdaşlığa gəldikdə bilirsiniz ki, 2021-ci ildə biz energetika sahəsində strateji tərəfdaşlıq haqqında sənəd imzaladıq və o zaman biz ixracımızı 8 milyarddan 13 milyard kubmetrə qaldırdıq. Bu gün 12 ölkəyə qaz ixrac edirik. Onların 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvüdür. Avropa İttifaqı məsələsinə gəldikdə isə onlar Rusiya qazından imtina etmək niyyətindədir, biz bunu heç vaxt nəzərə almamışıq. Biz heç bir halda Rusiya ilə rəqabət aparmağa çalışmamışıq. Hətta o dövrdə ki, Rusiya Avropaya 150 milyard kubmetr qaz nəql edirdi. Biz Avropa İttifaqının üzvü olan bir neçə ölkədən təkliflər almışıq. O ölkələr ki, bəziləri artıq bizim qazımızı alır, digərləri isə hələ də Azərbaycan qazını almır. Biz bu təklifləri dəyərləndiririk. Bazara çıxış baxımından da biz bu məsələləri kommersiya prinsipləri əsasında dəyərləndiririk;
Rusiya ilə münasibətlərə gəldikdə, siz təyyarə qəzasını qeyd etdiniz. Təəssüflər olsun ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçibdir. Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi. Qoy, öz günahlarını etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın və ailələrə təzminat ödənilsin, qurbanların və yaralıların ailələrinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməlidir. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil.
Bizə sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq. Süni intellektin inkişafına gəlincə biz bunu yeni başlamışıq. Onun nə dərəcədə uğurlu olacağını görəcəyik. Lakin aydındır ki, biz dünyadakı tendensiyaların arxasınca getməliyik. Sadəcə, oturub gözləyə bilmərik. Buna görə, mənim qərarlarım yalnız inkişaf və müasirləşmə gündəliyinə əsaslanır. Beləliklə, bizim aparıcı beynəlxalq şirkətlərlə yaxşı təmaslarımız var və onların əksəriyyəti ilə sərmayədar kimi işləyirik. Vəsaitlərimizi iri beynəlxalq qruplar vasitəsilə sərmayə kimi yatırırıq. Eyni zamanda, enerji sektoruna xarici sərmayələrin cəlb edilməsində yaxşı təcrübəmiz var. Son 20 ildə Azərbaycana yatırılmış yalnız xarici sərmayələrin məbləği 200 milyard ABŞ dollarına bərabər olub. Dediyim kimi, Azərbaycan sabit, özünü təmin edən və gələcəyə aydın baxışları olan ölkədir. Biz ön cərgədə olmalıyıq. Bir daha nə dərəcədə uğurlu olacağımızı söyləmək çətindir. Süni intellektlə bağlı nə baş verəcəyini söyləmək mənim üçün çətindir. Çünki bilirsiniz, müxtəlif cəmiyyətlərin fərqli təbəqələrində buna güclü və artan müqavimət var. Bu proses hələ yeni başlayıb, görərik. Mənim üçün indi “nəyə nail olacağıq, nəyə yox” söyləmək düzgün olmazdı. Biz yalnız müəyyən nailiyyətlərimiz olduqda bildiririk. Ümid edirik, gələn il Şuşa Forumuna gəlsəniz biz sizinlə müəyyən məsələləri bölüşəcəyik.
Çox şadam ki, bugün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Mən bunu tam səmimiyyətlə deyirəm, sizə xoş söz demək üçün yox. Sizi və həmkarlarınızı yubiley münasibətilə təbrik edirəm. Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir.
Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın müasir tarixində informasiya siyasəti, media azadlığı və regional sabitlik mövzularında mühim dönüş nöqtəsidir. Bu nitq həm dövlətin daxili inkişaf strategiyasının, həm də beynəlxalq münasibətlərdəki mövqeyinin aydın və geniş təhlilidir. Şuşada keçirilən forum Azərbaycan xalqının qəhrəmanlıq tarixini, zəfər ruhunu və gələcəyə inamını dünyaya çatdıran ən önəmli tədbirlərdən biri kimi yadda qalacaq. Prezident İlham Əliyevin nitqi həm də medianın gücünə və rolu böyük olan informasiya dövründə Azərbaycanın prinsipial mövqeyinin qətiyyətlə ifadəsidir.
Azərbaycan mediası və ictimaiyyəti üçün bu çıxış yeni və böyük ilham mənbəyi olmaqla yanaşı, ölkənin davamlı inkişafı və beynəlxalq nüfuzunun artırılması yolunda möhkəm zəmin yaradır. Şuşa Qlobal Media Forumunun gələcək illərdə də uğurla davam edərək, regional və qlobal dialoqun öncüsü olacağına şübhə yoxdur.


