ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar tədbir keçirilib

Mayın 26-da Ordubad Rayon Mədəniyyət Sarayında “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar tədbir təşkil olunub. Tədbir Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli çıxış edərək uşaqlara göstərilən dövlət qayğısından, onların hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıblar. Eyni zamanda, uşaqların hüquqlarının qorunması və onların rifahının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.  

Daha sonra rayonda 2024-2025-ci tədris ili üzrə buraxılış imtahanlarında ən yüksək nəticəni göstərmiş Ordubad şəhər 1 saylı tam orta məktəbin şagirdi Yusifova Zelihanın çıxışı dinlənilib. Çıxışların ardınca təşkilatçılar tərəfindən 2024–2025-ci tədris ilində təhsil, idman və incəsənət sahələrində fərqlənmiş məktəblilər fəxri fərman və hədiyyələrlə təltif olunublar.

Sonda tədbirin bədii hissəsi təqdim olunub. Rayonun uşaq musiqi və tam orta məktəblərinin şagirdləri, həmçinin körpələr evi–uşaq bağçasının balaca fidanları vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və rəqs nömrələri ilə çıxış ediblər.