8 Aprel 2025, Çərşənbə axşamı

“Konstitusiya və Suverenlik ili” çərçivəsində Ordubad rayonunda ilk ağacəkmə aksiyası keçirilib

    15 mart 2025-ci il tarixində Ordubad rayonunda genişmiqyaslı yaşıllaşdırma aksiyası təşkil olunub. 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik ili" elan olunması çərçivəsində Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyada Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, məsul şəxslər, idarə, müəssisə və təşkilat kollektivlərinin nümayəndələri iştirak ediblər.

     Aksiya çərçivəsində Ordubad-Naxçıvan magistral yolunun hər iki tərəfində və rayon ərazisində yerləşən bağlarda yeni tinglər əkilib, ağacların dibləri yumşaldılıb, qurumuş ağaclar çıxarılaraq yeniləri ilə əvəz edilib. Həmçinin alaq otları biçilib, ərazi tullantılardan təmizlənib, suvarma işləri aparılmaqla yanaşı, ağaclara və çoxillik gül kollarına aqrotexniki qaydada qulluq göstərilib. Abadlıq-təmizlik və yaşıllaşdırma tədbirlərində yüksək fəallıq müşahidə olunub.

      Qeyd edək ki, aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsinə və ekoloji tarazlığın bərpasına töhfə vermək, həmçinin gələcək nəsillərə sağlam təbii irsin ötürülməsini təmin etməkdir.