ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“Kostitusiya və Suverenlik İli” və Yeni Azərbaycan Partiyasının yaranmasının 33 illiyi ilə əlaqədar tədbir keçirildi

20 noyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” və Yeni Azərbaycan Partiyasının 33 illiyi ilə əlaqədar “Yeni nəsil, yeni Azərbaycan” mövzusunda tədbir keçirilib. İlk olaraq tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Ordubad şəhərinin mərkəzində ucaldılmış büstü önünə tər çiçəklər düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Mədəniyyət Sarayının foyesində rayonun yeniyetmə və gənclərinin əl işləri və rəsmlərindən ibarət sərgiyə baxış keçirilib

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Ehtibar İsmayılov, Ordubad Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və gənclər iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, daha sonra Dövlət Himninin səsləndirməsi ilə başlayıb.

Giriş sözü ilə çıxış edən Rəcəb Rəhimli,  Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, milli ideologiyası və dövlətçilik düşüncəsi əsasında formalaşaraq bu gün ölkənin aparıcı siyasi qüvvəsinə çevrildiyini qeyd edib. İcra başcısı bildirib ki, Ulu Öndərin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri bu siyasi təşkilatın mahiyyətini, ideoloji xəttini və inkişaf perspektivlərini dəqiq ifadə edir. Həmçinin vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir dövrdə iqtisadi, siyasi və hərbi sahələrdə böyük nailiyyətlər əldə edib. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Heydər Əliyev siyasi xəttinin uğurlu davamının bariz nümunəsidir. Dövlət başçısının həyata keçirdiyi islahatlar, milli maraqlara əsaslanan siyasət və inkişaf strategiyası Yeni Azərbaycan Partiyasının ideoloji dayaqlarını daha da gücləndirib.

   Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov  çıxış edərək,  YAP-ın həyata keçirdiyi geniş islahatların, təşəbbüslərin, milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində gördüyü işlərin bu gün də cəmiyyət tərəfindən yüksək qiymətləndirilməsindən, gənclərin partiyaya fəal qoşulmasından, yeni layihələrin həyata keçirilməsindən, müasir idarəetmə yanaşmalarının tətbiqinin gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb etdiyindən bəhs edib. 

Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Ehtibar İsmayılov partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan ətraflı bəhs edərək bildirib ki,  YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır. YAP Ordubad rayon təşkilatının fəaliyyəti partiya üzvlərinin rayonun ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştiraklarından danışıb.

    Rayonun gənc müəllimi Əliyeva Rübab çıxışında, dövlətimiz tərəfindən təhsilə, müəllimlərə və şagirdlərə göstərilən diqqət və qayğıdan, yaradılan əlverişli şəraitdən, yenilikçi layihələr və gənclərə ayrılan dəstəkdən bəhs edərək bütün bunların nəticəsində Azərbaycan gəncliyinin gələcəyinin doğru şəkildə qurulduğunu vurğulayıb. 

Çıxışlardan sonra “Konstitusiya və Suverenlik İli” və Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı sənədli film nümayiş etdirilib. Ardınca Yeni Azərbaycan Partiyasına yeni üzv olmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib, həmçinin rayonun ictimai-siyasi və sosial həyatında fəallıq göstərən bir qrup gənc diplom və xatirə hədiyyələri ilə təltif olunub

 Tədbirin bədii hissəsində Ordubad şəhər İncəsənət məktəbinin və Mədəniyyət Sarayının solistlərinin ifasında bədii qiraət və musiqi nömrələri nümayiş olunub.