ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Laçının işğaldan azad edilməsindən 5 il ötür

  Bu gün Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biri - Laçın rayonunun işğaldan azad olunmasının 5-ci ildönümüdür. 2020-ci ilin 1 dekabrında Laçının ölkəmizə qaytarılması yalnız torpaq üzərində suverenliyin bərpası deyil, həm də xalqımızın uzun illər davam edən doğma yurda qayıdış ümidi və həsrətinin gerçəkləşməsi idi. Bu tarixi nailiyyət diplomatik məharət, güclü siyasi iradə və 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfərin nəticəsi kimi xalqımızın yaddaşına həkk olundu.

  Laçının azad olunması ilə Azərbaycan Ordusunun qazandığı uğurlar daha da möhkəmləndi, Qarabağın və Şərqi Zəngəzurun tam şəkildə nəzarətə götürülməsi istiqamətində mühüm mərhələ başa çatdı. Bu gün Laçında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri - yollar, körpülər, su və enerji xətləri, yeni yaşayış məhəllələri, məktəblər və sosial infrastruktur - bölgənin sürətli dirçəlişini təmin edir. Qısa zamanda müasir şəhərsalma standartları əsasında yenidən qurulan Laçın artıq öz keçmiş şöhrətinə qovuşmaq yolundadır.

  Xüsusi olaraq qeyd edilməlidir ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə hər il 26 avqust “Laçın şəhəri günü” kimi qeyd olunur. Bu qərar Laçının azadlığının, dirçəlişinin və gələcək inkişafının simvoluna çevrilmiş rəmzi tarixdir.

  Beş il öncə əldə olunan tarixi qələbə bu gün gerçək dönüşüm, inkişaf və böyük qayıdışla davam edir. Artıq laçınlıların doğma torpaqlarına köçürülməsi, bölgədə həyatın yenidən canlanması Qarabağ və Şərqi Zəngəzurun dirçəliş salnaməsinin mühüm hissəsinə çevrilib.

  Laçının azad olunması Azərbaycan xalqının milli birliyinin, dövlətimizin qətiyyətinin və Ordumuzun yenilməzliyinin parlaq rəmzidir.