Görkəmli dövlət xadimi, müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin Prezident seçilməyinin 31-ci ildönümü tamam olur. 20-ci əsrin 90-cı illlərinin əvvəllərində yenicə müstəqillik qazanmış Azərbaycan dövlətinin başının üstünü qara buludlar almışdı. Bir tərəfdən siyasi hərc-mərclik, xaos və anarxiya, müxtəlif separatizm ocaqlarının yaranması, digər tərəfdən Ermənistan hərbi birləşmələrinin ard-arda torpaqlarımızı işğal etməsi gənc respublikanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti dövlətin bütün infrastrukturunun çökməsinə səbəb olmuş, sosial-iqtisadi tənəzzülü labüd etmişdi. Siyasi istiqrarın olmaması, daxili kriminogen qrupların aktiv pozucu hərəkətləri sabitliyin önündə əsas əngəllərdən biri idi. Dövlətin və xalqın xilaskar liderə ehtiyacı var idi ki, bu şəxs Heydər Əliyev dühasından başqası ola bilməzdi.
1993-cü ilin 09 iyun tarixində xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıdan Ümummilli Lider Heydər Əliyev müdrik qərarları nəticəsində dövləti yox olmaq təhlükəsindən xilas etdi. 15 iyun tarixində Ali Sovetin sədri seçilən Heydər Əliyev vətəndaş müharibəsinin yaranmasının qarşısını qətiyyətlə aldı. 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkilərində Azərbaycan xalqı böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Məhz bu seçim bugünkü qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulması ilə nəticələndi.
Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək xalqın iradəsini və arzularını dövlət siyasətinin təməl daşına çevirmiş, ölkəni parçalanmaq və xaosdan qurtararaq dünyada tanınan dövlətə çevirmişdir. Ümummilli Lider Heydər Əliyev, uzaqgörən siyasəti və dönməz iradəsi ilə Azərbaycanın taleyində yeni dövrün qapısını açmış, ölkəni beynəlxalq arenada güclü və etibarlı tərəfdaş kimi tanıtmışdır. Onun qətiyyəti ilə Azərbaycanın dövlət müstəqilliyi yenidən bərqərar oldu və ölkənin milli maraqları ən yüksək səviyyədə müdafiə olundu.
Dahi şəxsiyyət Heydər Əliyev geniş dünyagörüşə malik, qlobal səviyyədə düşünən və böyük təcrübəyə malik siyasətçi idi. O, hadisələri realist yanaşmalarla dəyərləndirir, ölkənin gələcəyini düşünərək praqmatik və uğurlu qərarlar qəbul edirdi. Bütün fəaliyyəti boyunca o, müdrik insan, peşəkar rəhbər və xalq tərəfindən dərin sevgi qazanan uzaqgörən dövlət xadimi kimi özünü təsdiqləmişdi. Onun siyasi uzaqgörənliyi, fitri istedadı, müdrik qərarları və ensiklopedik bilikləri onu fərqləndirən əsas xarakterik xüsusiyyətlər idi. Heydər Əliyev hadisələrə dərin zəkayla yanaşır, milli maraqları ön planda tutaraq tarixi şəraiti düzgün qiymətləndirirdi. Heydər Əliyev mahir diplomat və uzaqgörən siyasətçi kimi Azərbaycanın taleyində mühüm rol oynamışdır.
Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik strategiyası əsasında inkişaf edir. Onun müəyyən etdiyi kurs dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması və sosial-iqtisadi inkişafın təmin olunması kimi vacib məsələlərdə özünü uğurla doğrultmuşdur. Milli ideologiyanın formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin əsas tərkib hissəsi idi. Onun müəllifi olduğu azərbaycançılıq ideologiyası yalnız Azərbaycanda yaşayanları deyil, bütün dünyada məskunlaşmış azərbaycanlıları da əhatə edərək onları vahid milli məfkurə ətrafında birləşdirdi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının yenidən dirçəldilməsi kimi prinsiplərə xidmət edən azərbaycançılıq ideologiyası, Azərbaycanın gücünü artıran mühüm siyasi amilə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın daxili siyasətini düzgün istiqamətləndirir, ölkə diplomatiyasını beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və balanslı şəkildə idarə edirdi. O, keçid dövründə Azərbaycanın qarşısında duran strateji vəzifə və hədəfləri dəqiq müəyyənləşdirmiş, dünya təcrübəsində uğurla sınaqdan çıxmış inkişaf modellərini ölkə reallıqlarına uyğunlaşdıraraq tətbiq edə bilmişdi. Ölkədə həyata keçirilən müasir və innovativ inkişaf modeli sahibkarlığın, sərbəst rəqabətin dəstəkləndiyi, liberallığı və sosial yönümlülüyü özündə birləşdirən bir iqtisadiyyat modeli olmuşdur. Məhz onun səyləri nəticəsində müasir dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiya formalaşdı, azərbaycançılıq məfkurəsi ideoloji təməlimiz oldu. Siyasi islahatlar və iqtisadi liberallaşma addımları atıldı, bazar iqtisadiyyatına keçid baş tutdu.
Müstəqil dövlət təsisatlarının qurulması, demokratik və hüquqi dövlətin yaradılması, milli, mənəvi və əxlaqi dəyərlərin qorunması və zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi Heydər Əliyevin xidmətlərinin nəticəsi idi. Onun rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiya hakimiyyət bölgüsünü və insan hüquqlarının təmin olunmasını əsas götürərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğuna zəmin yaratdı. Qısa müddətdə Azərbaycanın xarici siyasətində böyük dəyişikliklər oldu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlığa maraq göstərməyə başladılar və ölkəmiz beynəlxalq münasibətlər sistemində suveren bir aktor oldu. Ulu Öndərin neft strategiyasının təcəssümü olan "Əsrin müqaviləsi" Azərbaycanın dünya iqtisadiyyatında yerini müəyyənləşdirdi. Həmin müqavilə ilə Azərbaycan nefti dünya bazarına çıxarıldı. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri reallaşdı.
Ümummili Lider Heydər Əliyevin atdığı addımlar nəticəsində Azərbaycanın siyasi-hüquqi sistemində də müsbət dəyişikliklər baş verdi. Mətbuat üzərində senzura aradan qaldırıldı, insan hüquq və azadlıqları təmin edildi. Məhkəmə islahatları həyata keçirildi, Konstitusiya Məhkəməsi və Ombudsman institutu təsis edildi, ölüm hökmü ləğv edildi. Bu addımlar dövlətin hüquqi bazasını gücləndirdi və ölkədə demokratik təşəbbüslərin inkişafına imkan yaratdı.
Görkəmli dövlət xadimi Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunun əsas prioritetlərindən biri Ermənistan-Azərbaycan münaqişəsinin həlli idi. Ulu Öndər Heydər Əliyev, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir. Bu siyasət nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsi mühüm yer tutmuşdur. Onun ardıcıl və məqsədyönlü fəaliyyəti sayəsində, dünya ictimaiyyətinə bu münaqişənin mahiyyəti çatdırılmış, bir çox beynəlxalq tədbir və sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Ermənistanın işğalçılıq siyasətinin pislənməsi ilə bağlı qətnamə və bəyanatlar qəbul edilmişdir.
Ulu Öndər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə yönələn xarici siyasət strategiyasının əsasını qoymuşdur. Tarazlaşdırılmış xarici siyasət kursu, ölkənin dünya birliyinə inteqrasiyasını təmin etmək məqsədi daşıyırdı. Bu siyasət müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına, ümummilli problemlərin həllinə və beynəlxalq aləmdə mövqelərinin güclənməsinə səbəb olmuşdur. Azərbaycan beynəlxalq təşkilatlarla bərabərhüquqlu əməkdaşlıq etmiş və bu əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilmişdir. Ölkəmiz coğrafi mövqeyindən, təbii ehtiyatlarından və iqtisadi potensialından istifadə edərək, bir çox dövlət və beynəlxalq qurumlarla əməkdaşlıq qurmuşdur. Bunun nəticəsində Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması kimi layihələr səmərəli şəkildə həyata keçirilmişdir.
Ümummilli Lider Heydər Əliyev yalnız dövlət xadimi deyil, həm də Azərbaycan xalqının mənəvi lideri idi. O, milli irsimizi, mədəniyyətimizi və dilimizi qorumaq, gənc nəslə vətənpərvərlik hissi aşılamaq üçün yorulmaz fəaliyyət göstərmişdir. Onun güclü xarizması, dərin zəkası və fədakar əməyinin nəticəsi olaraq Azərbaycan xalqı öz milli kimliyini yenidən tapmış və ölkə dünya xəritəsində parlaq ulduz kimi yerini möhkəmlətmişdir
Ulu Öndər Heydər Əliyev ölməz şəxsiyyətdir, onun irsi bu gün də Azərbaycan xalqına yol göstərir. Ümummilli liderin iradəsi və ideyaları müstəqil Azərbaycanın güc və sabitlik simvolu olmuşdur. O, tarixə millətini azadlıq, inkişaf və zəfərə doğru aparan böyük lider kimi daxil olmuş, Azərbaycanın taleyində silinməz iz buraxmışdır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursu bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Azərbaycan məhz Ulu Öndərin qoyduğu düzgün strategiya və Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. Azərbaycanda həyata keçirilən düzgün dövlət siyasəti nəticəsində yüksək tərəqqiyə nail olunmuş və ölkəmiz dünya dövlətləri içərisində öz layiqli yerini tutmuşdur.