Azərbaycan, Cənubi Qafqazın strateji əhəmiyyətə malik dövləti olaraq regionda və dünyada mühim siyasi və iqtisadi mövqeyə malikdir. Geosiyasi təsir dairəsi, enerji resursları və beynəlxalq nəqliyyat yollarının üzərində yerləşməsi ölkənin əhəmiyyətini daha da artırır. Xüsusilə, sahib olduğumuz təbii resurslar Avropanın enerji təhlükəsizliyində mühim rol oynayır. Bu baxımdan Azərbaycan, Müstəqil Dövlətlər Birliyi çərçivəsində geosiyasi, iqtisadi, təhlükəsizlik və mədəni sahələrdə əhəmiyyətli rol oynayaraq, regional və qlobal miqyasda öz təsirini artırmaqdadır. Azərbaycan Respublikası MDB-də regional təhlükəsizlik və stabilliyin təmin edilməsində fəal iştirak edir.
Son illər ərzində Müstəqil Dövlətlər Birliyinin əsas dominant gücü hesab edilən Rusiya Federasiyası ilə ölkəmiz arasındakı strateji müttəfiqlik tarixi, mədəni və siyasi əlaqələrlə daha da möhkəmlənmişdir. Bu iki dövlət arasında mövcud olan yaxın münasibətlər həm regional sabitliyə, həm də ikitərəfli əməkdaşlığa mühim töhfə verir. Azərbaycan-Rusiya tərəfdaşlığı yalnız iqtisadi və ticari sahələrlə məhdudlaşmır, eyni zamanda təhlükəsizlik, enerji və nəqliyyat kimi həyati əhəmiyyət daşıyan sahələrdə də dərin əməkdaşlığa əsaslanır. Rusiya ilə Azərbaycan arasındakı bu möhkəm müttəfiqlik hər iki ölkənin maraqlarını qorumaq və regionda güclü təsirini saxlamaq üçün sarsılmaz bir təməl təşkil edir. Bu əlaqələr, iki dövlətin də müştərək hədəfləri və tarixi ittifaqlarının təcəssümü kimi yüksəlməkdədir.
Prezident İlham Əliyevin cari ilin 8 oktyabr tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirakı və çıxışı Azərbaycanın qlobal nüfuzunu bir daha təsdiq etdi. Ölkə Başçısı cənab İlham Əliyev çıxışı zamanı Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsinin həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılandığını bildirib. Prezident çıxışında 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış şəhərlərimizdə genişmiqyaslı yenidənqurma işlərinin getdiyini, Laçın şəhərinin də artıq bərpa olunaraq yerli sakinlərin ixtiyarına verildiyini vurğulayıb.
Dövlət başçısı Azərbaycanda III MDB Oyunları keçiriləcəyini, Gəncə şəhəri də daxil olmaqla Azərbaycanın 10-dan çox şəhərinin bu yarışlara ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Həmçinin noyabr ayında paytaxt Bakının mötəbər beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcəyi vurğulanaraq 200-ə yaxın ölkənin bu konfransın Azərbaycanda keçirilməsi haqqında yekdil qərarının bütün dünya ictimaiyyətinin Azərbaycana hörmət əlaməti kimi qiymətləndirildiyi Şura iştirakçılarının nəzərinə çatdırılıb.
Prezident İlham Əliyev Azərbaycanın İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında sanballı töhfə verdiyini qeyd edərək 3 milyon 400 min nəfər əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollandığını, 350 min nəfər vətəndaşımızın döyüşlərdə həlak olduğunu, 130 azərbaycanlının isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü bildirib. Dövlət başçısı çıxışında həmçinin bunları da qeyd edib: “Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi. Bakı şəhərində 41 hərbi hospital fəaliyyət göstərirdi ki burada da 440 min nəfər yaralı müalicə alırdı. 1942-ci ilin martında, Taqanroq adı ilə də tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yollarını Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlin şəhərinin girəcəyinə daxil oldu. Elə həmin ilin mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar”
9 May – Faşizm Üzərində Qələbənin MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığında mühim amil olduğunu bildirən Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin bu əməkdaşlığa böyük əhəmiyyət verdiyini və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi üçün daha böyük səylə çalışacağını diqqətə çatdırıb.