Azərbaycan tibb elmində dərin iz qoymuş və keşməkeşli həyatını bu sahəyə həsr etmiş yüksək erudisiyalı alim, görkəmli oftalmoloq Zərifə Əliyeva, SSRİ və qlobal səhiyyə sferasında novator və reformist peşə sahibi kimi tanınmış, dövrünün mütərəqqi ideyalarına öz imzasını atmışdır. Məhz zamanında Zərifə Əliyevanın oftalmologiya və bu sahənin incəliklərinə doğru atdığı əmin addımlar aidiyyəti sahənin intibahı, kreativ ideya və kəşflərin icad edilməsi ilə tamamlanmışdır.
Doğulduğu və boya-başa çatdığı Şahtaxtı kəndindən elmi-tədqiqat proseslərinə gedən yol olduqca uzun və rəngarəng bir tarixi əhatə edir. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olması, Zərifə xanımın gələcək həyat yoluna işıq tutan və istiqamət verən bir prosesin başlanğıcı idi. 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Zərifə Əliyeva 1950-ci ildə aspiranturaya daxil olaraq öz sahəsində təkmilləşmə istiqamətində daha bir addım atdı. 1960-cı ildən 1967-ci ilədək Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışdığı dövr ərzində SSRİ Ali Attestasiya Komissiyası 1963-cü ildə Zərifə Əliyevaya “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verərək görkəmli alimin fundamental iş fəaliyyətinin ortaya çıxmasına zəmin yaratdı.
Qeyd edilən zamanda Azərbaycanda göz xəstəlikləri yayqın hal almış, bir sıra növləri daha da ağır fəsad yaradaraq ciddi problemlərə səbəb olmuşdu. Xüsusən traxoma adlanan infeksion xəstəliklə mübarizə, oftalmologiya elminin qarşısında duran əsas vəzifə idi. Zərifə Əliyevanın laboratoriya şəraitində və eləcə də yerlərdə praktiki olaraq apardığı müntəzəm və mütamadi tədqiqat cəhdləri uğurla nəticələnmişdi. “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın 1960-cı ildə müdafiəsi ilə qarşıya qoyulan məqsəd müsbət nəticə vermiş və bu təhlükəli xəstəliyin qarşısı müvəffəqiyyətlə alınmışdı.
Həyatı boyunca humanizm dəyərlərini ön planda tutan və bu amal uğrunda qətiyyətli addımlar atan Zərifə Əliyeva həm də kimsəsiz insanlara və xüsusi olaraq uşaqlara qarşı həssas münasibət bəsləyərək onların xəstəlik və problemlərinin aradan qaldırılmasında səylərini əsirgəməmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunması isə əlamətdar bir hadisə idi. Belə ki, bu institut Zərifə xanımın atasının, mərhum professor Əziz Əliyevin adını daşıyırdı. Belə bir məsuliyyətin içərisinə daxil olmaqla, Zərifə Əliyeva həm atasının, həm də özünün adının əbədi olaraq yaddaşlarda qalmasına vəsilə oldu. Fəaliyyəti dövründə cərrahiyyə əməliyyatları ilə yanaşı, öz işini digər sahələr ilə də uğurla koordinasiya edərək dinləyici və təcrübə keçən həkimlərə də pedaqoji köməklik göstərmiş, müalicə alan xəstələrə öz şəfalı və ümidverici yanaşmasını ortaya qoymuşdur.
Traxomadan sonra digər göz xəstəliklərinin də müalicəsini tədqiq edən görkəmli alim, elmi cəhətdən az araşdırılan “görmə orqanının patologiyası” üzrə faəliyyətini genişlənidirir. Zərifə Əliyeva dövrünün aktual problemi sayılan bu xəstəliklə mübarizədə yeni yanaşmalar ortaya qoyaraq doktorluq dissertasiyanın əsasını bu işə yönəltdi. “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etməklə oftalmologiyanın bu sahəsində yeniliyə imza atmış, 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini əldə etmişdir. Dissertasiyanın müdafiə edilməsinin ardınca Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru, daha sonra isə 1983-cü ildə isə həmin kafedranın müdiri vəzifəsinə yüksələn görkəmli oftalmoloq həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitlərinin - “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və s. ərsəyə gəlməsinə öz töhfəsini verdi.
Zərifə xanım öz faəliyyətində bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə də yer ayırmış, daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları ilə oftalmoloq və fizioloqların bu elmi əsəsrlərdən bəhrələnməyinə şərait yaratmışdır. Müəllifi olduğu fundamental “Terapevtik oftalmologiya” kitabı bu gün də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalmaqdadır. 150-yə yaxın elmi əsər, 12 monoqrafiya, bir çox dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olan tanınmış peşə sahibi 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə görə M.İ.Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı qadın tituluna yiyələnmişdir.
Müəllifi olduğu “Yüksək etimad” kitabı isə tibb elminə əvəzolunmaz töhfədir. Rəhbərliyi altında yetişən gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli Zərifə xanımın zəngin həyat təcrübəsini öyrənərək onun iş və həyat fəaliyyətini mənimsəmiş, öz yaradıcılıqlarında tətbiq etmişdilər.
1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilən Zərifə Əliyeva həm də ictimai faəliyyətinə görə də sayılıb-seçilmişdir. SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmaqla yanaşı “bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır. Daima siyasi elita ilə iç-içə olan Zərifə Əliyeva Azərbaycan mədəni-ictimai həyatının parlaq şəxsiyyətləri olan Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq əlaqələri nəticəsində mədəni elitanın incəliklərinə bələd olmaq şanısı əldə etmişdi.
Bahar nəfəsli aprel ayında dünyaya göz açan dəyərli ictimai xadim, məhz 1985-ci ilin aprelində, ayın 15-də Moskva şəhərində dünyasını dəyişmiş, 1994-cü ildə cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Zərifə xanımın 100-cü (2023) ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti müvafiq Sərəncam imzalamış, bununla əlaqədar aidiyyəti orqanlar silsilə tədbirlər həyata keçirmişdir.
Zərifə xanım həm də Ümummilli Lider Heydər Əliyevin hər zaman yanında dayaq olmuş, Ulu Öndərə iş faəliyyəti və ömür yolunda əbədi həyat yoldaşlığı etmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin formalaşmasında da önəmli rolu olan Zərifə Əliyevanın Azərbaycanın bugünkü inkişafında təkrarolunmaz pay sahibi adlandırmaq olar.