Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə

İyun ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Qahirəyə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda bu səfərin Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəyini, ölkələrimiz arasındakı siyasi dialoqun müntəzəm xarakter daşığını, bu siyasi dialoqun bundan sonra da davam edəcəyini bildirdi. Diqqətə çatdırdı ki, bu əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var.

Qeyd etdi ki, bütün beynəlxalq məsələlərdə bizim fikirlərimiz üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik edib. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olub. Fələstin-İsrail münasibətlərinin tənzimlənməsində və müstəqil Fələstin Dövlətinin qurulmasında, Şərqi Qüdsün onun paytaxtı olmasında Azərbaycanın mövqeyi birmənalıdır. Qəzzada yaşanan faciə tezliklə dayandırılmalı, müharibə dayandırılmalı və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır.

İlham Əliyev bəyanatında Azərbaycan və Ermənistan münasibətlərinə də toxunaraq vurğulayıb ki, dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olunub, Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılıb, Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. İki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir.

       Bildirilib ki, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı” və sair sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəsini artıracaq, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq.