23 avqust 2024-cü il tarixdə Ordubad Rayon İcra Hakimiyyəti və Ordubad rayon Statistika idarəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş “Möhtəşəm minilliklərin şanlı 100 ili” mövzusunda tədbir keçirilib. Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bötüvlüyünün qorunması uğrunda canlarından keçən vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ordubad rayon İcra Hakimiyyəti aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elçin Hüseynov tədbiri giriş sözü ilə açaraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi” ilə bağlı imzalanan müvafiq sərəncamın əhəmiyyətindən bəhs edib. Elçin Hüseynov həmçinin Azərbaycanın çoxəsrlik zəngin keçmişində Naxçıvanın layiqli yer tutduğunu bildirərək ictimai-siyasi və elmi mədəni həyatda bu qədim və ulu torpağın yetirdiyi dahi şəxsiyyətlərin xüsusi rolu olduğunu qeyd edib.
Ordubad rayon Statistika idarəsinin rəisi Namiq Babayev öz çıxışında Muxtar Respublikanın gərgin blokada şəraitində yaşadığı bir zamanda belə hər zaman bütün çətinliklərə sinə gərdiyini, 44 günlük Zəfər tariximizdə bu torpağın yetişdirdiyi yüzlərlə qəhrəmanın şanlı igidlik salnaməsi yazdığını vurğulayıb. İştirakçılara Ulu Öndər Heydər Əliyev və ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən Naxçıvanın sosial-iqtisadi inkişafının gücləndirilməsi üçün həyata keçirilən islahatlar barədə məlumat verilərək gələcəkdə də Muxtar Respublikanın inkişafı yönündə atılan addımların davamlı olacağından əminlik bildirilib.