Monitorinq qrupunun üzvlərinə təlim keçirilib

       31 iyul 2024-cü il tarixdə Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ordubad rayonunda məişət zorakılığının qarşısının alınması mövzusunda təlim təşkil olunub.

        Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fərqanə Hüseynli tədbir iştirakçılarını salamlayaraq məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər və monitorinq qrupunun fəaliyyəti barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd olunub ki, İcra Hakimiyyəti yanında “gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”na daxil olan müraciətlər vaxtında və müsbət yöndə cavablandırılıb. Həmçinin monitorinq qrupu tərəfindən qanunazidd və digər mənfi tendensiyaların qarşısının alınması istiqamətində mütamadi olaraq fəaliyyətin aparıldığı iştirakçıların nəzərinə çatdırılıb.

        Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Eltun Həziyev və komitənin əməkdaşı Firuzə Hüseynova təqdimat vasitəsilə çıxış edərək “Zorakılığın növləri” haqda geniş məlumat veriblər. Təqdimatda məişət zorakılığı, onun növ və mərhələləri, ailə zorakılığının təsnifatı, məişət zorakılığının qarşısının alınması yolları, hüquqi, sosial və qabaqlayıcı tədbirlərin əhəmiyyətindən bəhs olunub. Zərərçəkmiş şəxslərin yardım mərkəzləri və mühafizə orderi ilə təminatı, eləcə də vətəndaşların müraciətlərinin baxılma qaydaları və qanunvericiliyin tələbləri dinləyicilərə ətraflı  izah olunub.