5 noyabr 2025-ci il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli müharibə iştirakçıları və qazilərlə görüş keçirib.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək Zəfər Gününün 5-ci ildönümünün qeyd olunduğunu vurğulayıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində və Antiterror əməliyyatında Azərbaycan Ordusu xalqımızın birliyi, dövlətimizin gücü və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə tarixi Zəfər qazanıb. Bu uğurlar Azərbaycan xalqının böyük lideri, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsidir. Həmçinin, ölkəmizin qazandığı qələbələr və həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, ölkəmiz regionda və dünyada söz sahibinə çevrilib.
Rəcəb Rəhimli rayonun inkişafı ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Su təsərrüfatının yaxşılaşdırılması üçün layihələrin hazırlanması, məşğulluq imkanlarının artırılması, Ordubad şəhər və kənd yollarının təmiri və yenidən qurulması, ipəkçiliyin inkişafı, “Şəhidlər Xiyabanı”nın təmir olunması, “Zəfər Parkı”nın tikintisi üçün layihələrin həyata keçirilməsi, rayonda yerləşən tarixi “Ərbabın iş yeri” binasında aparılan təmir işləri, “Sərşəhər məscidi”nin və “Mədrəsə” binasının bərpa işlərinə başlanması istiqamətində görülən tədbirləri diqqətə çatdırıb.
Görüşdə müharibə iştirakçıları da çıxış edərək təklif və rəylərini səsləndiriblər. Onlar sosial məsələlərlə bağlı mövcud ehtiyacları, həmçinin bölgədə reallaşdırılması vacib hesab etdikləri məsələləri diqqətə çatdırıblar. Qaldırılan hər bir məsələ dinlənilib və həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
İcra başçısı sonda müharibə iştirakçıları və qaziləri 8 Noyabr-Zəfər Günü münasibətilə təbrik edib, onların göstərdikləri qəhrəmanlığın ölkəmizin tarixində silinməz iz qoyduğunu qeyd edib.