Müqəddəs bayrağımız Xankəndi şəhərində əbədi dalğalanacaqdır

     44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olaraq yaddaşlara həkk olunub. Bu müharibə həm Azərbaycanın ərazi bütövlüyünün bərpası, həm də Cənubi Qafqaz regionunda yeni geosiyasi nizamın yaranması baxımından böyük əhəmiyyət daşıyır. 2020-ci ilin sentyabr ayının 27-də başlayan və noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla başa çatan müharibə Ermənistanın Azərbaycan torpaqlarında uzun illər davam edən işğalına son qoydu. Bu müharibə, Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq əzəli torpaqlarını hərbi və siyasi müstəvidə geri qaytardığı mübarizə idi.

     Müharibə dövründə Azərbaycan Ordusu yüksək döyüş qabiliyyəti və müasir hərbi texnologiyalara əsaslanaraq strateji üstünlüklər əldə etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və digər ərazilərimiz ardıcıl olaraq düşmən tapdağından azad edildi. Xüsusilə Şuşanın azad olunması müharibənin taleyini həll edən dönüş nöqtəsi oldu. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanata əsasən müharibə başa çatdı və Ermənistan ordusu Azərbaycanın işğal altında qalan digər ərazilərini də tərk etməyə məcbur oldu.

     2023-cü ilin sentyabr ayında isə Azərbaycan, suverenliyinə və ərazi bütövlüyünə qarşı qismən qalan təhdidləri birdəfəlik aradan qaldırmaq üçün antiterror əməliyyatlarına başladı. Bu əməliyyatlar nəticəsində sülhməramlı qüvvələrin təsir dairəsində nəzarətsiz qalan Xocavənd, Ağdərə, Xocalı, Xankəndi və digər ərazilərdə fəaliyyət göstərən qanunsuz erməni silahlı dəstələri zərərsizləşdirildi. Ən önəmlisi, bu əməliyyatlar sayəsində Xankəndi şəhəri tamamilə Azərbaycanın nəzarətinə qaytarıldı. Xankəndi – Qarabağın ürəyi, qürur zirvəsi və tarixi simvolu kimi azərbaycanlıların əbədi qayıdışının göstəricisi oldu. Bu şəhər yalnız coğrafi əhəmiyyətə deyil, həm də tarixi və milli yaddaşımızın ayrılmaz bir parçasına çevrildi.

     Beləliklə, Azərbaycan ordusu 44 günlük müharibə və sonrakı antiterror əməliyyatları ilə torpaqlarını tam azad edərək suverenliyini bərpa etdi. Azərbaycanın bu zəfəri, regionda yeni reallıqların yaranmasına, sülhün bərqərar olmasına və gələcək nəsillər üçün təhlükəsiz mühitin təmin edilməsinə yol açdı. Xalqımızın milli iradəsi, ordumuzun gücü və müdrik liderimizin uzaqgörənliyi sayəsində Azərbaycan tarixi ədaləti bərpa edərək zəfər qazandı. Məhz Prezident İlham Əliyev tərəfindən 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılmaqla tarixi ədalət yenidən öz yerini tapdı Dövlət başçısı cənab İlham Əliyevin Xankəndi şəhərində 15 oktyabr tarixində söylədiyi nitq Azərbaycan tarixində əbədi yaddaşlarda qalan bir hadisəyə çevrildi. Ölkə rəhbəri çıxışında qeyd edib: Bütün Azərbaycan xalqı ürəkdən sevinir. Azərbaycan xalqı 30 ildən çox öz böyük Qələbəsini gözləmişdir. Qarşımızda bir nömrəli vəzifə qoyulmuşdu ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq. Ötən illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır”.

      Çıxışında Azərbaycanın önəmli təşəbbüslərin müəllifi olduğunu qeyd edən Prezident İlham Əliyev ötən müddət ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin hazırlandığını, güclü iqtisadiyyat yaradılaraq mühim işlərin görüldüyünü xatırladıb. Dövlət başçısı iqtisadiyyatın önəmini bir daha vurğulayaraq demişdir: ”Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır”

    Silahlı Qüvvələrimizin istənilən vəzifəni şərəflə yerinə yetirə bildiyini qeyd edən ölkə rəhbəri, bunun əyani nümunəsinin döyüş meydanında sübut edildiyini bildirib. “ Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.  Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.

     Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi qələbəmizdə Ümummilli Lider Heydər Əliyevin də xüsusi payı olduğunu vurğulayaraq söyləyib:  “Ulu Öndər Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdi. 1969-cu ildən 1982-ci ilə qədər bir dənə də xoşagəlməz hala rast gəlinməmişdi. 1987-ci ildə Ulu Öndər Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldı. İki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin.  Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə. 30 il ərzində xalqımız böyük faciələrlə üz-üzə qaldı. 1 milyon insan evsiz-eşiksiz qalmış, torpaqlarımız tamamilə dağıdılmışdı. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılmışdır, soyqırımı törədilmişdi”

    “30 ildən sonra Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etməyi bacardı.  Xankəndi şəhərində qaldırılan Bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq. Bu gün isə artıq Ulu Öndərin və bizim Qələbəmizi görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub”