Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir. Azərbaycan atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş Naxçıvan şəhəri əsası Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbi ilə bütün Şərqdə məşhurlaşmışdır.
Naxçıvan uzun illər gərgin siyasi mübarizə meydanı olmuş, bu diyar qarşılaşdığı bütün sınaqlardan alnıaçıq çıxmış, muxtariyyətin yaranması və qorunması isə çox çətin və mürəkkəb mübarizənin, diplomatik səylərin nəticəsində mümkün olmuşdur. Ermənistanın həm daşnak hökuməti dövründə, həm də sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvanı Azərbaycandan ayıraraq özünə birləşdirmək üçün göstərdiyi səylər Naxçıvan əhalisinin birmənalı, qəti mövqeyi sayəsində uğursuzluğa düçar olmuşdur. Naxçıvan əhalisinin 90 faizdən çoxu 1921-ci ilin əvvəlində Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda Naxçıvan mahalının muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs vermişdir. Bu diyarın tarixi taleyini, yəni onun Azərbaycan SSR-in tərkibində muxtar respublika kimi qalmaq imkanlarını Moskva və Qars müqavilələri reallaşdırmışdır. Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında 1921-ci il mart ayının 16-da imzalanmış Moskva müqaviləsində təsbit edilmişdir. 1921-ci il oktyabrın 13-də RSFSR-in iştirkı ilə Azərbaycan SSR, Ermənistan SSR və Türkiyə arasında imzalanmış Qars müqaviləsinə əsasən Naxçıvanın ərazisi, sərhədləri daha da dəqiqləşdirilmişdi. Bu müqavilələrlə Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi tanımış və ona beynəlxalq hüquqi təminat vermişdir. 1924-cü ilin yanvar ayının 8-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan vilayətinin Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adlandırılmasını təsdiq etmiş və Naxçıvan MSSR MİK-nin 1924-cü il yanvar ayının 18-də keçirilmiş birinci plenumu bu qərarı təsdiqləmişdir. Azərbaycan SSR MİK-in 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan muxtar diyarı Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilmişdir. Bu, Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət idi.
Muxtar respublika statusu bu bölgənin sonrakı taleyində də çox mühüm rol oynamışdır. XX əsrin 90-cı illərində SSRİ-nin dağılması nəticəsində yaranmış şəraitdən istifadə edən Ermənistanın hakimiyyət dairələri hər zaman olduğu kimi, yenə də Azərbaycan, o cümlədən Naxçıvana qarşı öz ərazi iddialarına başlamışdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasına hücum etmiş, qan tökülmüş və Kərki kəndi erməni quldurları tərəfindən işğal edilmişdir. Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində Azərbaycanı Naxçıvanla bağlayan dəmir yol xətləri və avtomobil yolları kəsilmiş, Naxçıvan Azərbaycandan təcrid olunmuş, muxtar diyar blokada şəraitinə düşmüşdür.
Məhz belə bir ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğal təhlükəsindən xilas etmiş və onun muxtariyyət statusunu qoruyub saxlaya bilmişdir. Milli istiqlaliyyət uğrunda həmin illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəklənmiş və respublikada gedən siyasi proseslərə öz müsbət təsirini göstərmişdir. Naxçıvanın 1990-cı ilin yayında seçilmiş Ali Soveti həmin il noyabr ayının 17-də birinci sessiyasında muxtar respublikanın adından “sovet sosialist” sözlərinin çıxarılması, Ali Soveti adının dəyişdirilib Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması və onun Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul olunması barədə Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırması haqqında tarixi qərarlar vermişdir.
Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ulu öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqət mərkəzində saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı mühüm qərarların təşəbbüskarı olmuşdur. Muxtar respublika statusunun mühüm əhəmiyyətini vurğulayan görkəmli dövlət və siyasi xadim, Ulu Öndər Heydər Əliyev 1998-ci il yanvarın 14-də Azərbaycan Respublikası Konstitusiyası komissiyasının iclasında demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Naxçıvan Muxtar Respublikası Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və Ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində çətinliklərə sinə gərmiş, sosial-iqtisadi sahədə Azərbaycanın digər regionları ilə rəqabətdə yüksək inkişaf tempinə yiyələnməyi bacarmışdır. Azərbaycanın əsas ərazisindən ayrı düşməsinə baxmayaraq ölkə Prezidenti Cənab İlham Əliyev bu diyarın tərəqqisi üçün uzunmüddətli strategiya planlarını həyata keçirərək əhalinin yaşam səviyyəsinin yüksəlməsinə nail olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatlar Naxçıvanın müdafiə qüdrətinin də artmasına zəmin yaratmışdır. Belə ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi, 2023-cü ilin sentyabr ayında lokal antiterror əməliyyatları zamanı Naxçıvanın igid övladları öz şücaətləri ilə seçilmiş, parlaq səhifələr yazmışlar. Zəfər sonrası yaranan yeni geosiyasi zəmində Naxçıvanın Azərbaycanın digər bölgələrinə inteqrasiyası və kommunikasiya əlaqələrinin yaranması üçün Zəngəzur dəhlizinin perspektivlərini reallaşdırmağa çalışan dövlət başçısı Ermənistanla əldə ediləcək sülh müqaviləsinin əsas şərtlərindən biri kimi bu strateji dəhlizin açılmasının zəruriliyini bəyan etmişdir.
Naxçıvan Muxtar Respublikasının son illərdə əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də dövlət idarəetməsində mobilləşmənin və çevik iş prosesinin bərqarar edilməsi üçün Səlahiyyətli Nümayəndəlik İnstitutunun yaradılması olmuşdur. Səlahiyyətli Nümayəndəlik institutunun bərqarar olması ilə Naxçıvan Muxtar Respublikasının mərkəzi və yerli idarəetmə orqanları arasında koordinasiya daha da güclənmiş, vətəndaşların müxtəlif sosial-iqtisadi problemlərinin vaxtında və qeyd-şərtsiz aradan qaldırılması üçün mütərəqqi qərarlar qəbul edilmişdir. Məhz son atılan addımların nəticəsi olaraq Muxtar Respublikada xeyli sayda yeni iş yerləri yaradılmış, şəffaf idarəetmənin tətbiqi nəticəsində vergi daxilolmalarında yüksək artım nəzərə çarpmışdır. İşsiz əhalinin məşğulluğu təmin edilmiş, bölgədə turizm və yeni infrastruktur layihələrinin həyata keçirilməsi işlərinə başlanmışdır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı və bundan irəli gələn məsələlərin həlli üçün müxtəlif illəri əhatə edən “Təfsilatlı Tədbirlər planının” təsdiq edilməsi qarşıdakı illərdə də Naxçıvanın inkişafında yüksək nəticələrin əldə edilməsinə hesablanmış müdrik addımdır.
Əminliklə demək olar ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası əvvəlki inkişaf tempini saxlamaqla bərabər, yaxın perspektivdə Azərbaycanın müasir və yüksək yaşayış səviyyəsinə malik ərazilərindən biri kimi regionda öncül yerini qoruyacaqdır.