Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamının icrasının təmin edilməsi, 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım Gününün keçirilməsi məqsədilə dekabr ayının 11-də Məhəmməd Füzuli adına Ordubad şəhər İnternat tam orta məktəbdə tədbir keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Əli Heydərov, rayon Təhsil Şöbəsinin əməkdaşı Elşən Babayev, İnternat tam orta məktəbin direktoru Məzahir Xəlilov, məktəbin tarix müəllimi Təranə İsmayılova çıxış ediblər. Çıxışlarda bildirilib ki, xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yeri var. Respublikamızda istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi tariximizin yaddaşına həkk olunub.
Çıxışlarda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsindən, ölkəmizin suverenliyinin tamamilə bərpa olunmasından, beləliklə də soydaşlarımızın öz doğma yurd-yuvalarına, ev-eşiklərinə dönüşündən, 2020-ci ilin 10 dekabr tarixində Vətən müharibəsində qazandığımız şanlı Qələbənin şərəfinə Bakının Azadlıq Meydanında Zəfər paradının keçirilməsindən söhbət açılıb.
Tədbirdə İnternat tam orta məktəbin şagirdlərinin ifasında Ümummilli Liderə həsr olunan əbədi-bədii kompozisiya nümayiş olunub.