Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə Ordubad Rayon Mədəniyyət Sarayında “Muxtariyyət 100-cü ilində” adlı tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək Muxtariyyətin 100 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. 21 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” imzaladığı Sərəncamın Muxtariyyətin 100 illiyi ərəfəsində muxtar respublika əhalisinə ən böyük ərməğan olduğunu bildirərək rayon ictimaiyyəti adından imzalanmış Sərəncama görə cənab Prezident İlham Əliyevə, ölkədə humanitar siyasətin aparıcı qüvvəsi kimi Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib. Rəcəb Rəhimli Naxçıvan Muxtar Respublikasının yaranma tarixindən danışıb, muxtariyyətin qorunub saxlanmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolunu vurğulayaraq ötən əsrin 90-cı illlərində baş verən ictimai-siyasi prosesləri xatırladıb və Heydər Əliyev dühasının müdrik qərarlar alaraq Naxçıvanı taleyüklü problemlərdən xilas etdiyini bildirib. Daha sonra rayon İcra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanda son illər əldə olunan nailiyyətlərdən, dövlət idarəçilik sistemində yeni idarəetmə modeli olan səlahiyyətli nümayəndəlik institutunun yaradılması ilə məmurla vətəndaş arasında qarşılıqlı fəaliyyətin bütün sahələr üzrə rolunun aktivləşdirilməsindən, vətəndaş məmnunluğunun artırılmasından, bölgənin sosial-iqtisadi, mədəni inkişafanın sürətləndirilməsindən, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan, bu proqramın “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”ndan, həyata keçiriləcək irimiqyaslı layihələrdən bəhs edib.
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Sədri Akademik İsmayıl Hacıyev isə öz çıxışında Muxtariyyətin yaranması ərəfəsində regionda ictimai-siyasi vəziyyət, Moskva və Qars müqavilələrinin bir əsr boyunca Naxçıvanın Azərbaycanın tərkibində qalmasında oynadığı rol haqqında geniş məlumat verib. Muxtar Respublikanın yaradılması və Azərbaycanın tərkibində qalmasına müxalif qüvvələrin ziddiyyətli hərəkətləri, Türkiyə Cümhuriyyətinin proseslərə qəti mövqeyinin həlledici amil olmasına toxunan Akademik İsmayıl Hacıyev muxtar respublika ərazisinin Ermənistan Sovet Respublikasına peşkəş edilən ərazi vahidləri haqqında, eləcə də Sovet İttifaqı rəhbərlərinin iradəsi ilə Zəngəzurun Ermənistana verilməsindən sonra çıxılmaz vəziyyətdə qalan Naxçıvanın yerli əhalisinin qətiyyəti və Naxçıvan ziyalılarının gərgin səyləri nəticəsində mübarizə aparması və düşmən dövlətin istəyinə nail ola bilmədiyini xüsusi olaraq qeyd edib. Akademik İsmayıl Hacıyev müstəqillik əldə olunduqdan sonra Ulu Öndərin fəaliyyəti və cənab Prezident İlham Əliyevin atdığı qəti addımlar nəticəsində Naxçıvan Muxtar Respublikasının öz mövcudluğunu, muxtariyyətini qoruduğunu və iqtisadi rifah dövrünü yaşadığını bildirib.
Çıxışlardan sonra Naxçıvan Dövlət Televiziyasının Muxtar Respublikanın yaradılmasının 100 illiyinə həsr olunmuş qısametrajlı sənədli filminə baxış keçirilib.
Tədbirin bədii hissəsində isə Ordubad Rayon Mədəniyyət Sarayının “Dübəndi” instrumental ansamblının və solistlərinin ifasında bayram əhvali-ruhiyyəli, vətənpərvərlik ruhunda musiqilər, rəqs nümunələri rayon ictimaiyyətinə təqdim olunub.