Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, qlobal siyasətin son mogikanlarından hesab olunan dahi şəxsiyyət Heydər Əliyevin 1991-ci ilin sentyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilməsi, Azərbaycan dövlətçilik tarixinin ən önəmli səhifələrindən birini təşkil edir. SSRİ-nin dağılması ərəfəsində dünyada və regionda baş verən ciddi qarşıdurmalar fonunda, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi sayılan Naxçıvan Muxtar Respublikasının Heydər Əliyev kimi sarsılmaz qətiyyətə və müdrik zəkaya malik şəxsiyyətə ehtiyacı var idi. Məhz belə bir məqamda Ulu Öndər Azərbaycanda yenidən siyasi fəaliyyətə qayıdaraq çətin sınaqların qarşısında qətiyyətli iradə göstərmiş, məğrur və cəsarətli addımlar atmışdı.
1990-1993-cü illər Ulu Öndər Heydər Əliyev siyasi irsinin Naxçıvan dövrü kimi xarakterizə olunur. Qeyd olunan zaman ərəfəsində Azərbaycan tarixində mühüm və əlamətdar hadisələr baş vermiş, Ümummilli Liderin gərgin əməyi nəticəsində Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası işinə başlamışdı. Muxtar Respublika parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən qərarlar, Azərbaycanın müstəqilliyi və suverenliyinə gedən yolda xüsusi əhəmiyyət daşıyırdı.
1991-ci il sentyabrın 3-də Ali Məclisin iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə keçirilən fövqəladə sessiyada Ulu Öndər Heydər Əliyevin Ali Məclisin sədri seçilməsi Azərbaycanın müstəqillik tarixinin ilk akkordlarından hesab olunur. Ölkə ərazisində erməni separatizminin yaratdığı daxili böhran, xarici siyasətdə baş verən ciddi uğursuzluqlar və sosial-iqtisadi çətinliklərə rəğmən blokada vəziyyətində olan Naxçıvan Heydər Əliyevin müdrikliyi və güclü iradəsi ilə öz varlığını qoruyub saxlaya bildi.
Fenomenal şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin gücləndirilməsi istiqamətində xidmətləri danılmaz faktdır. Onun 1969-cu ildə siyasi hakimiyyətə ilk dəfə gəlişindən etibarən bütün fəaliyyəti xalqın rifah halının yaxşılaşdırılmasına, ümumi tərəqqi və yüksəlişin əldə olunmasına hesablanmışdı. Müstəqillik əldə etdikdən sonra Ulu Öndər Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla dünyada yaşayan 50 milyondan artıq azərbaycanlı üçün əbədi həmrəylik və bütövlük rəmzini yaratdı.
20-ci əsrin 90-cı illərində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində blokada vəziyyətinə düşən Muxtar Respublikada mürəkkəb və qeyri-müəyyən vəziyyət yaranmışdı. Muxtar respublikada sabitliyin təmin edilməsi 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Ümummilli Lider Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində mümkün oldu. Bir il öncə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin noyabrın 17-də keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilməsi, dövlətçilik tariximizdə önəmli yer tutur. Məhz buna dayanaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmış, 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılaraq Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanununu qəbul etməklə onu yenidən Dövlət bayrağı elan etmişdir. 1990-cı il noyabrın 17-də keçirilən sessiyada həmçinin zamanın ən cəsarətli addımlarından biri olaraq Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Eləcə də Muxtar Respublika ərazisndə Kommunist Partiyasının fəaliyyəti dayandırılaraq Sovet ordusu birlikləri Naxçıvan ərazisindən birdəfəlik kənarlaşdırıldı.
Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dönəmdə blokada vəziyyətində yaşayan əhalinin vəziyyətini qismən də olsa yüngülləşdirmək üçün həyati əhəmiyyətli addımlar atıldı. Region ölkələri ilə siyasi və iqtisadi müstəvidə mehriban əlaqələr yaradıldı. Türkiyə və İranla ilk rəsmi təmaslar təşkil olundu. Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında 24 mart 1992-ci il tarixində işbirliyi protokolunun imzalanması şübhəsiz ki, öz dövrünün ciddi sosial-iqtisadi hadisəsi idi. Ümummilli Lider Heydər Əliyev rəhbərliyində Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Muxtar Respublikanın dövlət quruculuğu, müdafiə və hərbi quruculuq məsələlərində olan çatışmazlıqlar öz həllini tapdı. Hakimiyyət və idarəetmə mexanizmləri daha da təkmilləşdirildi.
“Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü”nün təsis olunması barədə Ulu Öndərin şəxsi təşəbbüsünün bugün üçün tarixi əhəmiyyəti çox böyükdür. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi dahi şəxsiyyətin Azərbaycan tarixində qoyduğu silinməz izlərdən biri sayılır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasında qaldırılan üçrəngli bayrağımız bu gün Ali Baş Komandan İlham Əliyev liderliyində ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş bütün Azərbaycan ərazisində qürurla dalğalanır. Əminliklə demək olar ki, güclü və qüdrətli Azərbaycan Respublikası cənab Prezident İlham Əliyev rəhbərliyində Ulu Öndərin siyasi və ideoloji irsini bundan sonra da layiqincə davam etdirəcək və bu zəngin irs daima böyük hörmət və ehtiramla xatırlanacaqdır.