Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalmış qəhrəman vətən övladlarının xatirəsi yad edilib

      23 oktyabr 2024-cü il tarixdə Ordubad rayonunun Azadkənd və Dırnıs kəndlərində şəhidlərimizin xatirəsi yad edilib.  Dırnıs kəndində yerləşən Şəhidlər Xiyabanında I Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Xudayarov Elnur Rza oğlunun və Azadkənd kəndində 44 günlük Vətən müharibəsi şəhidi Xəlilli Namiq Həsən oğlunun məzarları ziyarət olunub.

      Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, Polis şöbəsinin, Səfərbərlik Xidmətinin rəhbər şəxsləri, İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Təhsil şöbəsinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk olaraq şəhidlərin məzarları ziyarət olunaraq üzərlərinə gül dəstələri düzülüb. Şəhidlərimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib

     Çıxışlarda vətənin müdafiəsi, bölünməzliyi uğrunda şəhidlik zirvəsinə ucalan bütün şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Qəhrəman vətən övladlarının misilsiz döyüş qabiliyyətindən, eləcə də, xalqımızın hər zaman böyük qələbəyə inamla addımladığı tarixi zəfərdən bəhs olunub. Silahlı qüvvələrimizin xalqımızla dəmir yumruq kimi birləşərək əldə etdiyi tarixi Zəfərin qürur mənbəyimiz olduğu ifadə edilib. İstiqlal tariximizdə şanlı səhifə yaradan, haqq savaşımızda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.

      Məktəblilər tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

      Şəhid ailələri göstərilən hörmət və ehtirama görə minnətdarlıq ediblər.