ÖLKƏ BAŞÇISI ORDUBADDA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin bütün regionlarının sosial-iqtisadi inkişafına xüsusi diqqət göstərərək Ordubad rayonuna da müxtəlif illərdə bir sıra mühüm səfərlər həyata keçirmişdir. Bu səfərlər Ordubad rayonunda infrastrukturun yenilənməsi, sosial obyektlərin istifadəyə verilməsi, enerji və nəqliyyat layihələrinin icrası baxımından mühüm əhəmiyyət daşımaqla, rayonun hərtərəfli inkişafına, əhalinin rifah halının yüksəldilməsinə və tarixi-mədəni irsin qorunmasına göstərilən davamlı dövlət qayğısının aydın göstəricisi olmuşdur.
21 dekabr 2006-cı ildə Prezident İlham Əliyev Ordubad şəhərinə səfəri çərçivəsində internat-məktəb kompleksinin açılışında iştirak etmişdir. Müasir tələblərə cavab verən bu təhsil ocağının istifadəyə verilməsi regionda təhsilin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsi olmuşdur. Həmin gün əvvəlcə dövlət başçısı rayon mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etmişdir. Prezident İlham Əliyev, həmçinin görkəmli alim, akademik Yusif Məmmədəliyevin Ordubad şəhərindəki büstünü və ev-muzeyini ziyarət edərək, onun Azərbaycan elminə verdiyi töhfələri yüksək qiymətləndirmişdir.
5 oktyabr 2010-cu ildə Prezident İlham Əliyev Ordubad rayonunda Biləv Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir. Bu enerji obyektinin istifadəyə verilməsi Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və alternativ enerji mənbələrinin inkişafı baxımından mühüm addım olmuşdur.

11 yanvar 2017-ci ildə Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Dövlət başçısı çıxışı zamanı Naxçıvan Muxtar Respublikasında həyata keçirilən enerji layihələrinin strateji əhəmiyyətini vurğulamış, bu layihələrin regionun davamlı inkişafına xidmət etdiyini bildirmişdir.


10 may 2021-ci ildə Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Ordubad rayonunda bir sıra mühüm tədbirlərdə iştirak etmişdir. İlk öncə Culfa rayonu ərazisində Culfa-Ordubad magistral avtomobil yolunun açılışını edib. Daha sonra rayon ərazisində bir sıra infrastruktur layihələri istifadəyə vermişdir. Burada Dövlət başçısı “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışını həyata keçirib. Bu layihənin əhalinin içməli su təminatının yaxşılaşdırılması və ekoloji şəraitin sağlamlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır.
Həmin gün Prezident İlham Əliyev Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olmuş, nəqliyyat infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasının regionun iqtisadi və turizm potensialının artmasına xidmət etdiyini qeyd etmişdir. Dövlət başçısı, həmçinin Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olmuş, enerji sahəsində görülən işlərə dair müvafiq tapşırıqlar vermişdir.
Səfər çərçivəsində Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verərək Naxçıvan Muxtar Respublikasının, o cümlədən Ordubad rayonunun sosial-iqtisadi inkişaf perspektivləri, həyata keçirilən layihələr, gələcək planlar və müxtəlif məsələlər barədə fikirlərini bölüşmüşdür.



