Qalib dövlətin hər bir guşəsində olduğu kimi, Ordubad rayonunun da ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin başa çatması ilə əlaqədar “son zəng”lər çalınmışdır.
14 iyun 2024-cü il tarixdə Ordubad şəhər tam orta internat məktəbində əlamətdar gün münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Rayon Təhsil şöbəsinin müdiri Samir Zeynalov, məktəbin kollektivi, şagird və valideynlər iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli əlamətdar gün münasibətilə məzunları səmimi qəlbdən təbrik edib, müstəqil həyata ilk addımlarını atan sonuncuların dövlətimizin, dövlətçiliyimizin yüksəlişi yolunda xeyirli, layiqli vətəndaşlar olmalarını diləyərərək, gələcək həyatlarında uğurlar arzulayıb. Qeyd edib ki, ölkəmizdə həyata keçirilən müasir təhsil siyasətinin qurucusu Ümummili Lider Həydər Əliyev olmuşdur. Onun dediyi kimi “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Bu gün müstəqil respublikamız tarixə qızıl hərflərlə yazılan Zəfərimizdən sonra özünün sürətli inkişafına, beynəlxalq aləmdə günbəgün artan nüfuzuna görə seçilir. Dahi Öndərin yolunun layiqli davamçısı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi bütün sahələr üzrə qazanılan parlaq qələbələr, Azərbaycan təhsilinin də dünyaya nümunə olması bizi sevindirir. İcra başçısı bildirib ki, torpaqlarımızın işğaldan azad olunması ilə ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunması, məhz hər bir sahədə təhsilli, elmli kadrların yetişdirilməsinin, uğurla həyata keçirilən Təhsil siyasətinin bəhrəsi idi. Bugün azad olunmuş ərazilərimizdə ümumtəhsil məktəblərinin fəaliyyətlərinin bərpası, xüsusilə də, Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması, burada dövrün prestijli ixtisaslarının tədrisinə yer verilməsi ölkəmizdə təhsilə olan diqqətin bariz nümunəsi olmaqla yanaşı, müasir təhsil siteminin, innovativ təhsil sahələrinin ölkədə formalaşdırlmasını özündə ehtiva edir. Məlumdur ki, ölkələrin inkişafı təkcə iqtisadi, siyasi göstəricilərlə, təbii sərvətlərlə, əhalinin həyat səviyyəsi ilə deyil, təhsilin inkişaf səviyyəsi, elmi potensialın olması ilə şərtlənir.
İcra Hakimiyyətinin başçısı Ordubad rayonunun ümumtəhsil məktəblərinin bu il də yaxşı nəticələrlə fərqləndiyini, İnternat məktəbindən də bir nəfərin ən yaxşılar arasında yer aldığını vurğulayaraq, 2023-cü ildə ölkədə keçirilən Sərhəd Hərbi idman oyunlarında məktəbin komandasının 1-ci yerə, bu il keçirilən eyniadlı oyunlarda ölkədə 3-cü yerə layiq görülməsinin yüksək naliyyət olduğunu ifadə edib. Bütün məzunların bundan belə müstəqil Azərbaycanın vətəndaşı kimi ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə inandığını bildirib.
Sonra Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov rayonda təhsilin inkişafına göstərilən dövlət qayğısından, məzunların uğurlu nəticələrindən bəhs edib.
Tədbirdə çıxış edən digər müəllim və valideynlər məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb və onlara olan etimadı doğrultmağı tövsiyə ediblər.
Məktəb kollektivinə və buraxlış imtahanında ən yüksək nəticəni toplayan məzuna diplomlar təqdim olunub.
Maraqlı, rəngarəng proqram əsasında təşkil olunan tədbir şagird və məzunların hazırladıqları ədəbi-bədii kompazisiyalarla davam etdirilib.