Ordubad rayon Dırnıs kəndində şəhidin anım tədbiri keçirilib

    18 may 1992-ci il tarixdə Sədərək rayonunda vətənin müdafiəsi uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Həsənov Fariz Sabir oğlunun il dönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini,  İcra Hakimiyyətinin, Hüquq və Mühafizə orqanlarının əməkdaşları,  Dırnıs kəndində fəaliyyət göstərən müəssisələrin üzvləri , Dırnıs kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dırnıs kəndində yerləşən Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib. 

    Çıxışlarda ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, müstəqilliyimizin qorunması uğrunda  canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyi, şəhidlərimizin həyatı və keçdiyi döyüş yolunun həmişə təbliğ olunduğu vurğulanıb. 

    Çıxış edənlər şəhidlərin xatirəsinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirərək minnətdarlıq ediblər.

    Tədbirin sonunda məktəblilər tərəfindən şəhidlərin  xatirəsinə həsr olunan şeirlər səsləndirilib.