Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən 23 aprel 2024-cü il tarixdə Dırnıs kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyin tərkibinə daxil olan Dırnıs və Anaqut kəndlərinin sakinləri üçün aidiyyəti nümayəndəliyin inzibati binasında, başçının müavinləri, aparatın şöbə müdirləri, xidməti təşkilatların rəhbərləri, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə səyyari qəbul keçirilib.
Qəbulu giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli vətəndaşları salamlayıb, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində əldə edilən parlaq qələbə, eləcə də antiterror əməliyyatı ilə ərazi bütövlüyü və suverenliyin bərpasından sonra Azərbaycanın bölgədə yeni reallıqlar yaratdığını, buna paralel olaraq son həftə ərzində Ermənistan tərəfindən işğal altında qalan 4 Azərbaycan kəndinin təhvilinə dair tərəflərin razılığa gəlməsi ilə İlham Əliyevin liderliyində zəfər tariximizə bir səhifə daha artırmış olduğu nəzərə çatdırılıb. 2020-ci il 10 noyabr bəyanatının müddəalarına uyğun olaraq Azərbaycan ərazisində müvəqqəti yerləşən sülhməramlı kontingentin vaxtından əvvəl fəaliyyətinə xitam verilməsinə dair qərarın, diplomatik sferada həyata keçirilən uğurlu siyasətin bir nümunəsi olduğu bildirilib. Yaxın zamanda reallaşması nəzərdə tutulan Zəngəzur dəhlizinin Türk dünyasında mədəni-siyasi, sosial-iqtisadi əlaqələrə yaradacağı yeni imkanlar, eləcə də bu layihədə körpü rolunu oynayan Muxtar Respublikanın və xüsusən Ordubadın inkişafına verəcəyi fayda haqqında məlumat kənd sakinləri ilə bölüşülüb.
Əldə edilən dinamik inkişafın bu gün bölgələrdə də uğurla həyata keçirildiyi xüsusi vurğulanıb, rayon ərazisində icra olunan abadlıq-quruculuq fəaliyyəti, nəzərdə tutulan geniş infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülmüş tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verilib. Prezident İlham Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasında yaradılan Səlahiyyətli Nümayəndəlik strukturunun, idarəçilikdə yeni yanaşma və çevik fəaliyyət praktikasını həyata keçirməklə əhali məmnunluğunun təmin edilməsində böyük rol oynadığı bildirilib. “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında da ətraflı məlumat verilərək, rayonun ənənəvi istehsal sahələrinin bərpası istiqamətində əməli işlər görülməklə tam müasir standartların tətbiq olunacağı qeyd olunub. Dövlət başçısının 21 fevral 2024-cü il tarixdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamının rayonumuz üçün xüsusi önəm kəsb etdiyi, Ordubada göstərilən yüksək qayğının ifadəsi olduğu vurğulanıb.
Səyyar qəbulda 58 nəfər iştirak edib. Sakinlərdən 15 nəfəri fərdi dinlənilib. Dırnıs və Anaqut kəndlərinin ümumi problemləri müzakirə edilib. Elektrik, su , nəqliyyat, məşğulluq və əhalini narahat edən digər fəaliyyət istiqamətlərində səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerində araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirib.