Yanvar ayının 19-da Ordubad Rayon İcra Hakimiyyəti kollektivinin və tabe strukturların rəhbərlərinin iştirakı ilə 20 Yanvar – Ümumxalq Hüzn Gününün 34-cü ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edib.
İcra başçısı çıxışında 20 Yanvar hadisəsinin xronologiyası və başlama səbəblərinə toxunaraq Sovet dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kremlin yürütdüyü anti-Azərbaycan siyasəti, SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələrinin ərazilərimizdə törətdiyi qırğınlar, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedən Ulu Öndər Heydər Əliyevin cəsarətindən bəhs edib.
Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək zamanında “20 Yanvar” faciəsinə etiraz edib, Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti də məhz dahi şəxsiyyət verib. Ulu Öndərin təşəbbüsü və göstərişi ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclisdə “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edilib, eləcə də dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarları araşdırılıb və həqiqətlər üzə çıxıb. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adının təsis edilməsini xüsusi vurğulayan Rəcəb Rəhimli, şəhidlik statusu və ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən vətəndaşlarımıza dövlətin göstərdiyi layiqli münasibətdən danışıb.
Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırdığını qeyd edən rayon İcra Hakimiyyətinin başçısı cənab Prezidentin təşəbbüsü sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdığını, “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edildiyini qeyd edib.
Daha sonra tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri Emin Mehbalıyev və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Araz Lütvəliyevin çıxışları dinlənilib.