17 yanvar 2024-cü il tarixdə Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli tərəfindən vətəndaşların qəbulu qrafikinə uyğun olaraq növbəti qəbul keçirildi. Qəbulda rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, idarə, müəssisə , təşkilatların rəhbərləri, şəhər (qəsəbə, kənd) İnzibati ərazi dairəsi üzrə nümayəndələrin də iştirakı ilə vətəndaşların təklif və müraciətləri dinlənilib.
Qəbulun əvvəlində Rayon İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, yaxın günlərdə Ordubad rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş yenidənqurma, tikinti-quruculuq, abadlıq işlərinin görülməsi və irimiqyaslı infrastruktur layihələrin icra olunması, Ordubad üçün spesifik olan konserv, ipəkçilik müəssisələrinin qurulması nəticəsində yeni iş yerləri açılacaqdır ki, bununla da əhalinin işsizlik səviyyəsi məsələləri ilə bağlı yaranan problemlər öz həll yolunu tapacaqdır.
Sonra Rəcəb Rəhimli qəbula qatılan vətəndaşların hər birinin müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi dərhal müsbət həllini tapıb. Digər məsələlərin həlli üzrə icra başçısı tərəfindən müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilərək işlər nəzarətə götürülüb.
Vətəndaşlar onların vaxtlı-vaxtında qəbuluna, müraciətlərinə həssaslıqla yanaşılmasına, onların problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.