Səyyar qəbulda Düylün kənd sakinlərinin təklif və müraciətləri dinlənilib. Kənd mərkəzində keçirilən qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Qəbuldan əvvəl çıxış edən Ordubad Rayon İcra hakimiyyətinin baçşısı Rəcəb Rəhimli 21 fevral 2024-cü il tarixdə cənab Prezident İlham Əliyevin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamının mahiyyətindən, rayonumuz üçün əhəmiyyətindən bəhs edib. Həmçinin “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında kənd sakinlərinə ətraflı məlumat verərək, tarixə qızıl hərflərlə yazılan böyük Zəfərdən sonra muxtar respublikada da böyük ruh yüksəkliyi ilə aparılan abadlıq - quruculuq işlərini, həyata keçirilən infrastruktur layihələri, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirləri vurğulayıb.
İcra hakimiyyətinin başçısı Ordubad rayonunun şəhər, qəsəbə və kəndlərinin əhalinin həyat şəraitinin yüksəldilməsi istiqamətində hərtərəfli inkişafı, Ordubad şəhərində tarixi əhəmiyyətli qədim məhəllələrin, abidələrin restavrasiyası, “Sərşəhər”in sənətkarlar məhəlləsi olaraq qurulacağı, “Ərbabın evi”nin təmir olunacağı, otel tikintisinin aparılacağı, konserv, ipəkçilik müəssisələrinin fəaliyyətinin bərpa ediləcəyini diqqətə çatdırıb. Bildirib ki, Ordubadın inkişafı ilə bağlı fəaliyyət planı, xüsusi layihələr, bütün sahələrdə paralel olaraq inkişaf strategiyasının həyata keçirilməsi, rayonun davamlı inkişaf perspektivləri yolunda mühüm addımlar atılır. Zəngəzur dəhlizinin reallaşması Ordubad rayonunun təkcə ölkəmiz üçün deyil, eyni zamanda bütün türk dünyasının birləşməsi üçün önəmini daha da artıracaqdır.
Görüş zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və yarana biləcək digər problemlərinin həlli istiqamətində qaldırılan məsələlər nəzarətə götürülüb, mövcud problemlərinin həlli ilə bağlı aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlar verilib, təklif və problemlərinin diqqətdə saxlanılacağı vurğulanıb.
Sonda vətəndaşlar cənab Prezident İlham Əliyevə Ordubadla bağlı müvafiq Sərəncama görə öz təşəkkür və minnətdarlıqlarını ifadə ediblər.