Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Gilançay kəndində səyyar qəbul keçirdi

13 iyun 2025-ci il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Gilançay kənd sakinlərinin müraciətləri dinlənilib. Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

Qəbulda çıxış edən icra başçısı qarşıdan gələn 15 İyun – Milli Qurtuluş Günü münasibətilə sakinləri səmimi-qəlbdən təbrik edib. O, qeyd edib ki, 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı müasir Azərbaycanın taleyində həlledici dönüş nöqtəsi olub. Məhz bu tarixi hadisə nəticəsində ölkədə xaos və vətəndaş qarşıdurmasına son qoyulub, sabitlik və inkişaf yolunun əsası qoyulub. Vurğulanıb ki, Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində müstəsna əhəmiyyətə malikdir və bu gün ölkəmizin əldə etdiyi uğurların əsasında məhz həmin dönəmdə atılan müdrik və qətiyyətli addımlar dayanır. Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, ərazi bütövlüyümüz bərpa olunub və ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub.

İcra Başçısı çıxışında ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlardan, 44 günlük Vətən müharibəsi və sonrakı Antiterror əməliyyatları zamanı əldə olunan qələbələrin Azərbaycanın hərbi-siyasi mövqeyinin möhkəmlənməsindəki rolundan da bəhs edib. Bildirib ki, bu uğurlar dünya ictimaiyyətində Azərbaycana olan etimadı daha da artırıb. Hazırda düşmən işğalından azad olunan Şərqi Zəngəzur və Qarabağ ərazilərində müasir quruculuq işləri aparılır. Ölkəmiz regionda sülhün və təhlükəsizliyin əsas təminatçısı rolunda çıxış edir.

“2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan danışan icra başçısı proqramın həyata keçirilməsinin muxtar respublika, o cümlədən Ordubad rayonunda sosial-iqtisadi həyatın canlanmasına ciddi töhfə verdiyini bildirib. Proqram çərçivəsində mədən sənayesinin dirçəldilməsi, yol infrastrukturu və su təsərrüfatının yenidən qurulması, eləcə də digər sahələr üzrə genişmiqyaslı layihələrin icrasının planlaşdırıldığı diqqətə çatdırılıb. Həmçinin yaxın gələcəkdə xalçaçılıq, ipəkçilik və konserv məhsullarının istehsalı üzrə yeni müəssisələrin yaradılmasının nəzərdə tutulduğu qeyd olunub.

İcra başçısı, tezliklə reallaşması gözlənilən Zəngəzur dəhlizi layihəsi barədə də danışıb. Bildirilib ki, bu dəhliz türk dünyası, eləcə də Avropa və Asiya qitələri arasında böyük kommunikasiya dəhlizlərinin keçəcəyi marşrut olaraq mühüm əhəmiyyət kəsb edir. Layihənin reallaşması Muxtar Respublikanın, eləcə də dəhlizin əsas giriş qapısı hesab olunan Ordubad rayonunun sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcəkdir.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib, onların arzu və təklifləri müzakirə olunub. Suvarma suyu, torpaq, yol və digər məsələlərlə bağlı səsləndirilən problemlər məsul şəxslərin iştirakı ilə yerində araşdırılıb, həlli istiqamətində konkret tədbirlər müəyyənləşdirilib. Vaxt tələb edən məsələlər nəzarətə götürülərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Sakinlər vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan əlverişli şəraitə görə razılıqlarını bildirərək, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.