Ordubad Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

 

     Ölkə Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına hərtərəfli diqqət və qayğısının ifadəsidir ki, qədim diyarımızın bütün bölgələri sürətli inkişaf yolundadır. Bunu Ordubad rayonunun timsalında da görmək mümkündür.                 

    Növbəti dəfə təşkil edilən qəbulda İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, Parağa kəndinin və Parağaçay qəsəbəsinin sakinləri iştirak ediblər. Qəbulda Parağa kəndində məskunlaşan, Qərbi Azərbaycandan gələn soydaşlarımızın müraciət və təklifləri dinlənilib.

     Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Vətən müharibəsi zamanı işğaldan azad edilmiş torpaqlarımızda, Şərqi Zəngəzur iqtisadi rayonunda məcburi köçkün olan vətəndaşlarımızın öz yurdlarına qayıtması istiqamətində quruculuq işlərinin həyata keçirilməsi üçün imzaladığı sərəncamların icrasının intensiv şəkildə davam etdirildiyini bildirən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və  1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiya olunması, kütləvi qətl və qırğınlara məruz qalmaları, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənlərinin dağıdılması, viran  edilməsi ilə nəticələnən böyük faciəyə beynəlxalq müstəvidə hüquqi qiymətin verilməsi üçün Ümummilli Lider Heydər Əliyevin xidmətləri barədə vətəndaşlara ətraflı məlumat verib.

    Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Səlahiyyətli Nümayəndəlik İnstitutunun yaradılmasını vurğulayan Rəcəb Rəhimli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikanın bütün rayonları kimi, Ordubad rayonunun da şəhər, qəsəbə və kəndlərinin gələcək inkişafının nəzərdə tutulması, müvafiq Proqrama əsasən Ordubad rayonu üçün xüsusi layihələrin hazırlanması, inkişaf strategiyalarının həyata keçirilməsi, rayonun gələcək inkişaf perspektivləri barədə ətraflı danışıb.

   Vətəndaş qəbulunda kənd və qəsəbə sakinlərinin müxtəlif sahələrdə qarşılaşdıqları çətinliklər və həmin çətinliklərin həlli istiqamətində etdikləri təkliflər dinlənilərək məsul şəxslərin iştirakı ilə müvafiq sahələr üzrə müzakirələr aparılıb, görüləcək işlər müəyyənləşdirilib və İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq idarə və təşkilatlara tapşırıqlar verilib.