Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Biləv kəndində səyyar qəbul keçirib

       Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli Biləv və Behrud kənd sakinlərinin müraciətlərini dinləyib. 13 dekabr 2024-cü il tarixdə keçirilən görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri  iştirak ediblər.

      Biləv kəndində keçirilən görüşdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli son illərdə Azərbaycanın müxtəlif istiqamətlərdə əldə etdiyi nailiyyətləri bir daha xatırladıb, əldə edilən uğurların təməlində dövlət başçısı İlham Əliyevin liderliyində həyata keçirilən düzgün dövlət siyasətinin dayandığını vurğulayıb. Qəbul zamanı ölkə daxilində həyata keçirilən islahatlara da toxunan rayon İcra Hakimiyyətinin  başçısı Naxçıvan Muxtar Respublikasında yaradılan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institunun müvafiq qurumlar arasında koordinasiyanın müasir tələblərə uyğun olaraq təşkil edilməsində və Muxtar Respublikanın sosial-iqtisadi inkişafının təmin edilməsindəki rolundan ətraflı bəhs edib. 2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” haqqında söhbət açan İcra başçısı,  bu proqramın tərkib hissəsi olan “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın həyata keçirilməsi ilə Muxtar Respublikanın bütün bölgələrinin, xüsusilə də Ordubadın timsalında yeni inkişaf mənzərəsinin müşahidə olunacağını qeyd edib. Rayonun yeraltı zənginliklərindən istifadə etmək məqsədilə mədən sənayesi sahəsinin yenidən dirçəldilməsi istiqamətində işlərə başlanıldığı, qarşıdakı illərdə tikinti-quruculuq işlərinin daha da geniş vüsət alacağı bildirilib.

       “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli Sərəncamı ilə gələcəkdə rayonun bölgədə əsas turizm mərkəzlərindən birinə çevriləcəyi, bu məqsədlə də ilk olaraq yeni Hotel tikintisinin başlanması yönündə fəaliyyətin icra olunduğu  bildirilib. Ordubadın qədim sənətkarlıq ənənələrini dirçəltmək və tarixi simasını bərpa etmək məqsədilə “Sərşəhər” məhəlləsinin, “Mədrəsə” binasının və “Ərbabın evi” adlanan qədim tikilinin hərtərəfli restavrasiya olunacağı, bu işlərin şəhərin yeni hazırlanan baş planına uyğun həyata keçiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb. İcra başçısı öz çıxışında Ordubadın Zəngəzur dəhlizinin Türk dünyasına açılan ilkin giriş qapısı olduğunu xüsusi qeyd edərək, bu ərazinin gələcəkdə nəhəng nəqliyyat və kommunikasiya qovşaqlarının kəsişmə nöqtəsi kimi türk dövlətləri arasında əlaqələrin də daha sıx müstəvidə qurulması istiqamətində xüsusi əhəmiyyət daşıyacağı haqqında ətraflı məlumat verib.

        Daha sonra Biləv və Behrud kənd sakinlərinin ümumi problemləri müzakirə edilib, vətəndaşların arzu və təklifləri dinlənilib, elektrik, yol, su, məşğulluq və sair problemlər üzrə  səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə tapşırıqlar verilib. 

   Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.