Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Vələver, Başkənd və Qoruqlar kənd sakinlərinin müraciətlərini dinləyib. Keçirilən görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İcra başçısı kənd sakinlərini salamlayaraq qarşıdan gələn 08 noyabr – Zəfər Günü və 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə qəbul iştirakçılarını təbrik edib. Çıxışda 44 günlük Zəfər tariximiz və qəhrəman vətən övladlarının şücaəti, eləcə də azad olunan torpaqlarda həyata keçirilən genişmiqyaslı quruculuq işləri haqqında ətraflı məlumat verilib. Ali Baş Komandan İlham Əliyev rəhbərliyində müharibədə əldə edilən inamlı qələbənin ölkəmizin beynəlxalq imicinin daha da yüksəlməsində rolu xüsusi vurğulanıb.
Qəbul zamanı ölkə daxilində həyata keçirilən islahatlara da toxunan rayon İcra Hakimiyyətinin başçısı Naxçıvan Muxtar Respublikasında yaradılan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institunun müvafiq qurumlar arasında koordinasiyanın müasir tələblərə uyğun olaraq təşkil edilməsində və Muxtar Respublikanın sosial-iqtisadi inkişafının təmin edilməsindəki rolundan ətraflı bəhs edib. “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında söhbət açan İcra başçısı, bu proqramın tərkib hissəsi olan “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın həyata keçirilməsi ilə Muxtar Respublikanın bütün bölgələrinin, xüsusilə də Ordubadın timsalında yeni inkişaf mənzərəsinin müşahidə olunacağını qeyd edib. Rayonun yeraltı zənginliklərindən istifadə etmək məqsədilə mədən sənayesi sahəsinin yenidən dirçəldilməsi istiqamətində işlərə başlanıldığı bildirilib.
Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli ölkəmizdə bu ilin “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan olunması və ölkəmizin dünya əhəmiyyətli COP29 tədbirinə ev sahibliyi edəcəyini qeyd edərək, Ordubad rayonunda da bu sahədə görülən işlər barədə məlumat verib.
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli Sərəncamı ilə gələcəkdə rayonun bölgədə əsas turizm mərkəzlərindən birinə çevriləcəyi, bu məqsədlə də ilk olaraq yeni Hotel tikintisinin başlanması yönündə fəaliyyətin icra olunduğu bildirilib. Ordubadın qədim sənətkarlıq ənənələrini dirçəltmək və tarixi simasını bərpa etmək məqsədilə “Sərşəhər” məhəlləsinin, “Mədrəsə” binasının və “Ərbabın evi” adlanan qədim tikilinin hərtərəfli restavrasiya olunacağı, bu işlərin şəhərin yeni hazırlanan baş planına uyğun həyata keçiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb. İcra başçısı öz çıxışında ölkəmizin Türk Dövlətləri Təşkilatında önəmli rolundan bəhs edib. Ordubadın Zəngəzur dəhlizinin Türk dünyasına açılan ilkin giriş qapısı olduğunu xüsusi qeyd edərək bu ərazinin gələcəkdə nəhəng nəqliyyat və kommunikasiya qovşaqlarının kəsişmə nöqtəsi olaraq xüsusi əhəmiyyət daşıyacağı haqqında ətraflı məlumat verib.
Daha sonra Vələver, Başkənd və Qoruqlar kənd sakinlərinin ümumi problemləri müzakirə edilib, vətəndaşların arzu və təklifləri dinlənilib, su, torpaq, elektrik, yol infrastruktrunun bərpası, körpü çəkilişi və sair problemlər üzrə səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə tapşırıqlar verilib.
Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.