Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli Xanağa, Ağrı və Dizə kənd sakinlərinin müraciətlərini dinləyib. 18 oktyabr 2024-cü il tarixdə keçirilən görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İcra başçısı kənd sakinlərini salamlayaraq 17 Oktyabr – “Füzuli Şəhəri Günü və 18 Oktyabr – Dövlət Müstəqiliyinin Bərpası Günü münasibətilə iştirakçıları təbrik edib. Çıxışda 44 günlük Zəfər tariximiz və qəhrəman vətən övladlarının şücaəti, eləcə də azad olunan torpaqlarda həyata keçirilən genişmiqyaslı quruculuq işləri haqqında ətraflı məlumat verilib. Qarabağ universitetinin və digər sosial obyektlərin istifadəyə verilməsi ilə yanaşı “Böyük Qayıdış Proqramı” əsasında minlərlə məcburi köçkünün öz yurdlarına yenidən geri qayıtdığı bildirilib. Ali Baş Komandan İlham Əliyev rəhbərliyində müharibədə əldə edilən inamlı qələbənin ölkəmizin beynəlxalq imicinin daha da yüksəlməsində rolu xüsusi vurğulanıb.
Qəbul zamanı ölkə daxilində həyata keçirilən islahatlara da toxunan İcra Başçısı Naxçıvan Muxtar Respublikasında yaradılan Prezidentin səlahiyyətli nümayəndəliyi institunun vətəndaş məmnuniyyətinin təmin edilməsindəki rolundan ətraflı bəhs edib. 2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında söhbət açan İcra başçısı, bu proqramın tərkib hissəsi olan “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın həyata keçirilməsi ilə Muxtar Respublikanın bütün bölgələrinin, xüsusilə də Ordubadın timsalında yeni inkişaf mənzərəsinin müşahidə olunacağını qeyd edib. Artıq proqramda nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı işlərə başlanıldığı, baramaçılığın pilot layihə kimi tətbiq olunaraq müsbət nəticə ilə yekunlaşdığı yerli sakinlərin diqqətinə çatdırılıb. Perspektivdə ipəkçilik və konserv məhsullarının istehsal olunacağı müəssisələrin yaradılmasının nəzərdə tutulduğu, bununla bağlı xammal bazasının yaradılması istiqamətində mühim işlərin görüldüyü barədə məlumat verilib. Rayonun yeraltı zənginliklərindən istifadə etmək məqsədilə mədən sənayesi sahəsinin yenidən dirçəldilməsi istiqamətində işlərə başlanıldığı xatırladılıb.
Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli ölkəmizdə bu ilin “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan olunması və ölkəmizin dünya əhəmiyyətli COP29 tədbirinə ev sahibliyi edəcəyini qeyd edərək, Ordubad rayonunda da bu sahədə görülən işlər barədə məlumat verib.
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli Sərəncamı ilə gələcəkdə rayonun bölgədə əsas turizm mərkəzlərindən birinə çevriləcəyi, bu məqsədlə də ilk olaraq yeni Hotel tikintisinin başlanması yönündə fəaliyyətin icra olunduğu bildirilib. Zəngəzur dəhlizi layihəsinin reallaşmasından sonra bölgənin mənzərəsinin müsbətə doğru dəyişəcəyindən əminlik ifadə edilib.
Daha sonra Xanağa, Ağrı və Dizə kənd sakinlərinin ümumi problemləri müzakirə edilib, vətəndaşların arzu və təklifləri dinlənilib, su, torpaq, elektrik, məğulluq, yol infrastruktrunun bərpası və sair problemlər üzrə səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşlar rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.