Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli “Yeni tədris ilinin başlanması” münasibətilə keçirilən tədbirdə iştirak edib

16 sentyabr 2024-cü il tarixdə Ordubad rayonunun ümumtəhsil məktəblərində yeni tədris ilinin başlanması münasibətilə tədbirlər keçirilib. Ordubad şəhərində yerləşən, görkəmli pedaqoq və maarifçi Məhəmməd Tağı Sidqinin adını daşıyan 1 saylı tam orta məktəbdə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Təhsil Nazirliyinin və Ordubad rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də məktəb rəhbərliyi, müəllim və şagird heyəti, valideynlər iştirak ediblər.

 Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İlk olaraq çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. Ötən tədris ilinin Ordubad rayonu üçün uğurlu olduğunu diqqətə çatdıran icra başçısı, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin ölkə üzrə ən yüksək nəticələrə imza atdığını vurğulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatları xüsusi olaraq qeyd edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, təhsil sahəsində dövlətin diqqət və qayğısının ardıcıl olaraq davam etdirildiyini, suverenliyimizin bərpasından sonra bu il ilk dəfə olaraq  Azərbaycanın bütün ərazilərində yerləşən orta məktəblərdə ilk zəngin çalındığını, eləcə də Xankəndində yerləşən ali təhsil ocağında tədris fəaliyyətinə başlandığını bildirib. Bu il məktəbin birinci sinfinə daxil olan şagirdlər arasında şəhid Tural Haşımlının da övladının olduğu qeyd edilərək ölkəmizin hər yerində olduğu kimi, Ordubad rayonunda da şəhid və müharibə iştirakçılarının ailə üzvlərinin bütün problemlərinə həssas yanaşıldığı, məişət və digər qayğılarının hər zaman diqqət mərkəzində saxlandığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

Tədbirin davamında Təhsil nazirliyinin əməkdaşı Nilgün İbrahimova və 1 saylı orta məktəbin direktoru, əməkdar müəllim Könül İsmayılovanın çıxışları dinlənilib. Birinci siniflərdən rəmzi olaraq “ilk zəng” Şəhid Tural Haşımlının eyni adı daşıyan oğlu tərəfindən çalınıb. Daha sonra məktəbin daxilində yerləşən sinif otaqları, şəhidlər güşəsi, elektron lövhə sinfi, STEAM kabineti və kompüter sinfinə baxış keçirilib.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli həmçinin Ordubad şəhərində yerləşən İnternat və 3 saylı tam orta məktəblərdə də olub, təhsil ocaqlarının yeni dərs ilinə hazırlığına nəzər salıb. Məktəblərdə tədris olunan təhsilin keyfiyyətinə xüsusi önəm verilməsinin zəruriliyindən bəhs edən icra başçısı, hər iki məktəbin pedaqoji və şagird kollektivinə yeni dərs ilində yüksək nailiyyətlər arzu edib.