Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Sabirkənd kəndində səyyar qəbul keçirdi

Vətəndaş-məmur münasibətlərinin daha sıx müstəvidə qurulması, vətəndaşların problemlərinin yerində öyrənilməsi, təklif və müraciətləri üçün əlçatanlığın təmin edilməsi məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli növbəti səyyar qəbulu Sabirkənd kəndində keçirib. İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə keçirilən qəbulda Sabirkənd kəndi ilə yanaşı, eyni nümayəndəliyi əhatə edən Baş Dizə kəndinin sakinlərinin də müraciət və təklifləri dinlənilib.

İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxışı zamanı 44 günlük Vətən müharibəsi, antiterror əməliyyatından sonra Azərbaycanın beynəlxalq aləmdə yüksələn nüfuzundan, ölkəmizdə görülən işlərdən, muxtar respublikada, Ordubad rayonunda reallaşdırılacaq iri miqyaslı layihələrdən, əhalini narahat edən problemlərin həlli, məşğulluq imkanlarının artırılması istiqamətində aparılan tədbirlərdən bəhs edib. Müasir dövrün tələblərinə uyğun olaraq qəbul edilən “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və bu proqramın tərkib hissəsi olmaqla  Ordubad rayonunu əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında ətraflı məlumat verib. O cümlədən, Cənab Prezidentin 21 fevral 2024-cü il tarixli “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncamına toxunaraq bununla Ordubad rayonuna nə qədər ali dəyər verildiyini, hazırlanmaqda olan Ordubad şəhərinin Baş planına əsasən qarşıdakı illərdə Ordubadın tarixilik və müasirliyin sintezində daha gözəl şəhər görkəmi alacağını vurğulayıb. Qeyd edib ki, Zəngəzur dəhlizinin də reallaşması ilə rayonda bütün sahələr üzrə inkişafı təmin edəcək xüsusi layihələr həyata keçiriləcək, rayon üçün spesifik olan turizm sahəsi inkişaf etdiriləcək, tarixi ipək yolunun üzərində yerləşən Ordubad rayonunun region üçün önəmi daha da artacaqdır.

Görüş zamanı kənd sakinləri yaşayış səviyyələrinin yüksəldilməsi, sosial-məişət, həyat şəraitlərinin yaxşılaşdırılması, məşğulluq, su, elektrik, mavi yanacaq, yol və digər sahələrdə qarşılaşdıqları çətinliklərinin aradan qaldırılması və yarana biləcək digər problemlərinin həlli istiqamətində müraciət və təkliflərlərini səsləndiriblər. Sakinləri narahat edən məsələlərin həlli üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib, vətəndaşlara qanunamüvafiq izahatlar verilərək həlli zaman tələb edən məsələlər qeydiyyata alınıb.

Sonda vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, onların müraciətlərinə yerlərdə baxılmasına, problemlərinin həllinə obyektiv və operativ yanaşılmasına görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.