Vətəndaş məmnunluğunun artırılması, onları narahat edən məsələlərin dilə gətirilməsi, təklif və müraciətlərinin əlçatanlığının təmin edilməsi məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən rayon mərkəzi ilə yanaşı kənd və qəsəbələrdə də səyyar qəbulları davam etdirilir. Növbəti səyyar qəbul yanvar ayının 19-da Sabirkənd kənd mərkəzində təşkil olunub. Qəbulda Sabirkənd kəndi ilə yanaşı eyni icra nümayəndəliyində olan Baş Dizə kəndinin sakinləri də iştirak ediblər.
Qəbulun əvvəlində rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək ölkəmizdə, eləcə də Ordubad rayonunda dövlətimiz tərəfindən həyata keçirilən islahatlar, aparılacaq geniş layihələr, “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında ətraflı məlumat verib.
Həmçinin Rəcəb Rəhimli Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu ilin yanvar ayının 10-da ölkənin nüfuzlu yerli televiziya kanallarına verdiyi müsahibədən, həmin müsahibənin istər ölkəmizdə, istərsə də ölkə xaricində böyük rezonans doğurduğundan, müsahibə zamanı Ordubad rayonu üçün də böyük əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi məsələsinə toxunulmasından, ikinci körpünün Ordubad istiqamətində nəzərdə tutulduğundan, Zəngilandan Ordubada qədər olan ərazinin humanitrar yük və insanlar üçün dəhliz rolunu oynadığından, bu dəhlizin heç bir suveren hüquqların məhdudlaşdırılması anlamına gələ bilməyəcəyindən bəhs edib.
Rəcəb Rəhimli 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə dinc əhalimizə qarşı törədilmiş amansızlıqdan, 20 Yanvar gününün Ümumxalq Hüzn Günü olmasından, lakin həmin günün yalnızca faciə günü kimi deyil, eyni zamanda qəhrəmanlıq salnaməsi kimi xatırlanmalı olduğundan, məhz həmin tarixdən etibarən Azərbaycan xalqının öz azadlıq mübarizəsinə qalxdığından, illərlə həsrətində olduğu istiqlaliyyətə qovuşduğundan, 20 Yanvar faciəsinə etiraz səsini bildirən və hüquqi-siyasi qiyməti verənin Ümummilli Lider Heydər Əliyev olduğundan danışıb.
İcra Hakimiyyəti başçısının müavinlərinin, aparatın şöbə müdirlərinin, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədrinin iştirak etdikləri görüş zamanı kənd sakinlərinin iş, su, yol, ev və torpaq sahəsinin sənədləşdirilməsi barədə müraciətləri dinlənilib, onlar tərəfindən qaldırılan məsələlər nəzarətə götürülüb, həlli ilə bağlı aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlar verilib, qaldırılan təkliflərin diqqətdən kənar qalmayacağı vurğulanıb.
Görüş kənd sakinləri tərəfindən razılıqla qarşılanıb və onlar əhalinin rifahının yaxşılaşdırılması sahəsində həyata keçirilən işlərə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.