İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Türkiyədən gəlmiş qonaqları - Ankara Universitetinin prorektoru, Siyasət Elmləri Fakültəsinin (SBF) dekanı Prof. Dr Orhan Çelik və İDEA Consultancy şirkətinin təmsilçisi Ercan Demircini qəbul edib. Görüş zamanı Rəcəb Rəhimli Ordubad rayonunun zəngin tarixi və bu tarixi özündə ehtiva edən qədim memarlıq abidələri, flora və faunası, yeraltı-yerüstü resursları, o cümlədən, rayonun inkişaf meyarları haqqında, həmçinin, bu sahədə həyata keçirilməsi nəzərdə tutulan islahatlar barədə qonaqlara məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsinin Ordubad rayonunun da inkişafına təkan verəcəyini bildirən Rəcəb Rəhimli prioritet istiqamətlər çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası prosesində özəl sektor üçün yaranan biznes imkanları, vətəndaşların rifahı ilə əhatələnəcək layihələr haqqında, o cümlədən, bu layihələrin investorları, tərəfdaşları, hədəfləri və ehtiyacları barədə geniş məlumat verdi. Ankara Universitetinin prorektoru Orhan Çelik səmimi qəbula görə İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimliyə öz minnətdarlığını bildirdi və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezindentinin səlahiyyətli nümayəndəsi ilə görüşündən məmnunluğunu ifadə etdi. İDEA Consultancy şirkətinin təmsilçisi Ercan Demirci din, dil və mədəniyyət baxımından eyni köklərə malik olan iki qardaş ölkənin əməkdaşlığının daha da gücləndirilməsi istiqamətində Naxçıvan Muxtar Respublikasında da öz fəaliyyət mexanizmlərini daimi inkişaf etdirmək və müxtəlif sahələr üzrə layihələri həyata keçirmək məqsədilə Ordubad rayonunun iqtisadi potensialından və təbii resurslarından istifadə edilməsinin bölgənin çoxşaxəli inkişafına verəcəyi töhfədən bəhs etdi. Söhbət zamanı əlaqələrin perspektivləri, bu konteksdə görüləcək işlərin intensivliyinin artırılması ilə bağlı fikir mübadiləsi aparıldı . Belə ki, sovetlər birliyi dövründə Ordubad şəhərində fəaliyyət göstərmiş konserv zavodunun və ipək fabrikinin fəaliyyətlərinin bərpası, rayonda turizm rekreasiyalarının - tarixi və bədii dəyərə malik olan, estetik cazibədarlığı və müalicə-sağlamlıq əhəmiyyətinə malik olan təbii və antropogen obyektlərinin inkişafı sahəsində də müzakirələr aparıldı. Görüşün sonunda qonaqlar Ordubad şəhərində və Vənənd, Dizə, Vələver, Anaqut, Dırnıs kəndlərində olan abidələrə, qədim məhəllələrə və potensial turizm komponentlərinə baxış keçirib.