Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin nümayəndələrinin iştirakı ilə 6-7 dekabr 2023-cü il tarixlərdə Bakı şəhərində “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Ordubad Rayon İcra Hakimiyyəti başçısı yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun rəhbəri Fərqanə Hüseynli iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə təşkil edilən konfransda məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş videoçarx nümayiş olunub, açılış nitqləri dinlənilib, Milli Fəaliyyət Planının icrası istiqamətində görülən işlər, eləcə də bu sahədə digər ölkələrin müsbət təcrübələrinə dair təqdimatlar edilib, mövcud problemlər və perspektivlər barədə panel müzakirələr aparılıb.
Konfransda ölkə Prezidentinin fərman və sərəncamlarının, I vitse – prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinin cəmiyyəti zorakılıq ilə mübarizəyə daha yaxından səfərbər etmək naminə müntəzəm təşəbbüslərini əldə edilən nailiyyətlərin əsas hərəkətverici qüvvə olduğu vurğulanıb.
Həmçinin konfransın gedişində diqqətə çatdırılıb ki, normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün qüvvədə olan hüquqi bazanın təhlili aparılıb, aidiyyəti dövlət orqanları və qurumları ilə razılaşdırılaraq təkliflər paketi hazırlanıb, layihələrdə əsas ideyaların məişət zorakılığı zəminində törədilən cinayətlərin qanunvericilikdə xüsusiləşdirilməsi, qurumlararası əlaqələndirmə müxanizminin yaradılması, zərər çəkmiş şəxslərin pulsuz hüquqi yardımla təmin edilməsi, mühafizə orderlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı hüquqi tənzimləmənin formalaşdırılması öz əksini tapıb.